Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:
Bu gün müxalifətdən daha bir istefa sədası gəldi. "El" hərəkatı Ali məclisinin sabiq sədri Eldəniz Quliyev də təşkilatdan istefa verməsi barədə bəyanat verdi.
Eldəniz Quliyev istefasını belə əsaslandırır: "El" hərəkatı onsuz da fəaliyyət göstərmirdi. Mən də özümü hazırda "El" hərəkatında görmürəm, ona görə də hərəkatdan uzaqlaşdım".
Böyük təmtəraqla yaradılan, lakin belə qısa müddətdə uğursuzluğa düçar olan "El" hərəkatı yarananda onun cəmiyyət tərəfindən qəbul olunmayacağı barədə deyilən fikirlər özünü doğrultdu. Təbii ki, belə də olmalı idi. Həmin qurumda toplaşanlar eyni adamlar idilər, hansısa yeni simalar, yeni ideyalar, yeni təkliflər yox idi.
"El" hərəkatı sadəcə 2013-cü il prezident seçkiləri ərəfəsində diqqəti cəlb edərək hansısa siyasi dividentlər əldə etmək, qazanc götürmək üçün ortaya atılmış bir təşkilat idi. Daha soğrusu, "El" hərəkatı mövsümi bir təşkilat idi.
Yəni göründüyü kimi, Azərbaycanda mövsümi siyasətçilər az deyil. Bazar məsələsi ortaya gələn kimi onlar ortaya çıxır, nəsə ortadan götürürlər, sonra aradan çıxır, iki-üç il istirahət edir, yenidən qayıdırlar, özlərinə də siyasətçi deyirlər.
Prezident seçkilərindən sonra "El" hərəkatının hər hansı bir fəaliyyətinin olmaması da deyilənlərin aydın sübutudur. Elə ki prezident seçkiləri qurtardı, "El" hərəkatı da yoxa çıxdı.
"El" hərəkatı yaranarkən verilən vədlər, "biz elə olacağıq, belə olacağıq, biz xalqı düşünürük" kimi bəyanatlar da budəfəki seçkilər zamanı daha yaxşı gəlir əldə etməyə hesablanmışdı. Əgər belə olmasaydı, "El" hərəkatı fəaliyyətini davam etdirərdi.
Təbii ki, bu, müxalifət düşərgəsində ilk hadisə deyil. İndiyə qədər hansısa məqsədlər üçün yaradılan, qısa müddətdən sonra dağılan təşkilatlar çox görmüşük. Bu bir daha sübut edir ki, Azərbaycan müxalifəti səmimi deyil, heç vaxt xalqı düşünməyib, daim öz maraqlarını güdüb. Verdikləri yağlı vədlər də sadəcə bu maraqların daha uğurla həyata keçirilməsinə xidmət edib.