...

"Bəyanatı oxuyarkən heyrət içində qaldım"

Siyasət Materials 12 Noyabr 2014 13:41 (UTC +04:00)
“Müsavat Partiyası Divanının qurultaydan narazı üzvlərin fəaliyyətinin partiyanın ümumi ideoloji-siyasi xəttinə zidd olduğu haqqında bəyanatını oxuyanda heyrət içində qaldım”.
"Bəyanatı oxuyarkən heyrət içində qaldım"

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyası Divanının qurultaydan narazı üzvlərin fəaliyyətinin partiyanın ümumi ideoloji-siyasi xəttinə zidd olduğu haqqında bəyanatını oxuyanda heyrət içində qaldım". Bu barədə Trend-ə Müsavat Partiyasının qurultaydan narazı qalan üzvü Vurğun Əyyub deyib.

V.Əyyub qeyd edib ki, həmin bəyanat açıqlanma tələb edir: "Hansı ideoloji-siyasi xəttə zidd hərəkətlərdən söhbət gedir? Bunu açıqlayaydılar. Mən qurultayın nəticələrindən narazı qalan müsavatçıların partiyanın ideoloji-siyasi xəttinə qarşı hər hansı fəaliyyətini görməmişəm".

O, hesab edir ki, partiyada yaranmış narazılığın aradan qaldırılması üçün bu ritorikada bəyanatlar heç bir əhəmiyyət daşımır. Onun fikrincə, narazı üzvlərin arqumentləri diqqətlə araşdırılmalı və lazımi tədbirlər görülməlidir.

Partiyada narazı üzvlərin fraksiya yaratması barədə təklifə gəlincə, V.Əyyub qeyd edib ki, müzakirələr zamanı fraksiya yaradılmasının müəyyən problemləri ortada olduğundan bu barədə məsələdə tam qərara gəlinməyib: "Mən işçi qrupunun müzakirə etdiyi bu və ya digər təkliflər barədə fikrimi bildirmək istəmirəm, çünki müzakirələrin gedişinə təsir etmək istəmirəm. Müzakirələr zamanı təkliflərin hansının üzərində dayanacağıqsa, onu da müəyyənləşdirəcəyik. O təkliflərin içərisində partiya üçün təhlükəli heç bir şey görmürəm. Sadəcə olaraq, o təkliflərin hansının işlək olacağı, hansının daha çox fayda gətirəcəyi haqqında düşünmək lazımdır".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti