Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat Partiyası Divanının bu gün keçirilən növbəti toplantısında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib.
Trend-in əldə etdiyi məlumata görə, S.Əlisoy partiyanın ümumi siyasi-ideoloji xəttinə zidd fəaliyyət göstərməkdə ittiham edilərək partiyadan çıxarılıb.
S.Əlisoy isə bu qərarın gözlənilməz olmadığını bildirib. O, Trend-ə bildirib ki, partiyanı avtoritar üsulla idarə edənlərin bu cür qərar verməsində təəccüblü heç nə yoxdur. S.Əlisoy bu qərarın onu yolundan döndərməyəcəyini qeyd edib. O bildirib ki, Müsavat Partiyasında saxtakarlara qarşı mübarizəsini davam etdirəcək.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.