Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycanı dünyada gözdən salmaq istəyən bəzi müxalifətçilər erməni çörəyi yeyiblər, ermənilərə də xidmət edirlər". Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, erməni lobbisinin təsiri altında Azərbaycanda yalandan insan hüquqları və QHT adı ilə fəaliyyət göstərən ABŞ-ın bir sıra institutları, QHT-ləri Azərbaycanla Birləşmiş Ştatların münasibətlərinin korlanmasına çalışırlar: "Azərbaycandakı həmin müxalifətçilər, QHT-lər erməni lobbisi vasitəsilə aldıqları vəsait hesabına antiazərbaycan işi, dövlətin, xalqın əleyhinə iş aparırlar. Bu işi aparanlardan bir hissəsi məsuliyyətə cəlb olunub, digər hissəsi isə demək olar ki, siyasi partiya və QHT pərdəsi altında və ya mətbuat orqanları vasitəsilə fəaliyyətlərini davam etdirirlər. Həmin adamlara, o cümlədən AXCP-nin sədri Əli Kərimliyə sual oluna bilər ki, sizin hakimiyyətiniz dövründə Azərbaycana qarşı 907-ci maddəyə düzəliş olunmadı? Guya Azərbaycan Ermənistanı blokadaya alıb. Halbuki Ermənistan Naxçıvanı blokadaya almışdı. Bu gunə qədər müxalifətin xarici siyasətdə buraxdığı səhvləri düzəltməyə çalışırıq. Çünki yönsüz, yöndəmsiz, bisavad xarici siyasətləri nəticəsində bütün ətraf qonşuları Azərbaycana düşmən etmişdilər".
Deputatın sözlərinə görə, bu gün Azərbaycan kifayət qədər balanslaşdırılmış xarici siyasət aparır: "Həqiqəti görənlər, həqiqi demokratlar bu məsələni dəstəkləyirlər".
S.Novruzov hesab edir ki, bir sıra Avropa təşkilatları, o cümlədən Avropa Parlamenti riyakarlıq, ikiüzlülük və saxtakarlıqla məşğuldurlar: "Azərbaycana heç bir müraciət göndərmədən, yalandan deyirlər ki, biz Azərbaycana biz qrup göndərmək istəyirik, Azərbaycan isə etiraz edir. Nə Azərbaycan hökumətinə, nə də Azərbaycan Parlamentinə belə bir məktub daxil olub. Bu, sırf Azərbaycanda olan ictimai-siyasi sabitliyi və Azərbaycanın iqtisadi inkişafını, Azərbaycanın regionda söz sahibi olmasını gözü götürməməkdən irəli gəlir. Biz bu cür daxili və xarici qüvvələrə qarşı qəti şəkildə öz mübarizəmizi davam etdiririk".