...

Xəzər İbrahim: NATO sammitlərində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi birmənalı olaraq dəstəklənir (MÜSAHİBƏ)

Siyasət Materials 9 Dekabr 2014 10:57 (UTC +04:00)
Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim jurnalistlərə müsahibə verib. Trend “Azərnews” qəzetinə istinadən müsahibəni təqdim edir.
Xəzər İbrahim: NATO sammitlərində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi birmənalı olaraq dəstəklənir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim jurnalistlərə müsahibə verib. Trend "Azərnews" qəzetinə istinadən müsahibəni təqdim edir.

- Azərbaycanın NATO ilə əməkdaşlığının hazırkı durumunu və perspektivlərini necə dəyərləndirirsiniz? Eyni zamanda, ölkəmizə qarşı bəzi Avropa qurumlarında ikili standartlar nümayiş olunur. Sizin rəhbərlik etdiyiniz nümayəndəlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ikili standartların aradan qaldırılması istiqamətində hansı işləri görür?

- İlk olaraq qeyd edim ki, Azərbaycanın NATO ilə tərəfdaşlığı sıx əlaqəli şəkildə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə NATO-nun mənzil qərargahına sonuncu səfəri zamanı bu münasibətlərin strateji xarakter aldığı qeyd olunub. Azərbaycan NATO-dan yardım qəbul edən ölkədən təşkilatın müxtəlif istiqamətlərdə fəaliyyətinə töhfə verən ölkəyə çevrilib. Azərbaycan NATO-nun sənədlərində dəyərli, etibarlı və fəal tərəfdaş kimi qəbul olunur.

Beynəlxalq aləmdə ikili standartlar var. Əfsuslar olsun ki, bu, artıq beynəlxalq münasibətlərin özəyidir. NATO-nun bu münaqişənin həlli ilə bağlı mövqeyi bəzi digər beynəlxalq təşkilatlardan fərqlənir. NATO-nun sammitlərində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi birmənalı olaraq dəstəklənir. Hətta ən son Uelsdə keçirilən sammitdə birmənalı olaraq müaqişənin hansı prinsiplər əsasında həll olunması qeyd edildi. Nümayəndəliyimiz qurumun fəaliyyətində bundan sonra da ikili standartların qarşısının alınması üçün əlindən gələni əsirgəməyəcək.

- NATO bu il qoşunlarını Əfqanıstan ərazisindən çıxarır və yeni əməliyyata başlayacaq. Azərbaycan bu əməliyyatlarda hansı şəkildə və necə iştirak edəcək?

- Biz artıq bu əməliyyatların bir hissəsiyik. İSAF əməliyyatı demək olar ki, bitdi. 2015-ci il yanvarın 1-dən NATO-nun Qətiyyətli Dəstək əməliyyatı başlayır. Biz artıq bu əməliyyatın üzvüyük. Bizim qüvvələrin orada iştirak etməsi üçün ölkədaxili hazırlıqlar gedir. İndiki əməliyyatın əvvəlkindən fərqi bunun yalnız dəstək və yardım missiyası daşımasıdır. Azərbaycan bu əməliyyat çərçivəsində təlimlərə də dəstək verəcək. Ölkəmiz bu əməliyyatlara üzv olan 14 qeyri-NATO tərəfdaşları arasındadır.

-Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində gördüyü işlər barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bu plan çərçivəsində mahiyyət və prosedurla bağlı işlər hazırda gedir və biz növbəti mərhələyə qədəm qoymaq niyyətindəyik. Biz prosedura uyğun olaraq ilk növbədə öz layihəmizi təqdim edirik, NATO tərəfindən müzakirə olunur və sonda birlikdə təsdiqlənir. NATO-nun Azərbaycan ilə əməkdaşlığında olan bütün sahələrə dair fəaliyyətlər var. Hər mərhələdən sonra NATO ilə birgə qiymətləndirmə prosesi həyata keçirilir. NATO ilə əməkdaşlıq üzrə ölkəmizdə komissiya fəaliyyət göstərir. Təqribən 26 dövlət qurumu bu komissiyada təmsil olunur. Yalnız hərbi sahədə il ərzində 200-ə yaxın tədbir həyata keçirilir və hərbçilərimiz bu təcrübədən yararlanır. Lakin qeyri-hərbi əməkdaşlıq da genişdir. Sovet qoşunları qərb zonasında ölkəmizdən çıxarkən həmin ərazilərdə partladılmamış sursatlar var idi. Bildiyiniz kimi, Ceyrançöl, Saloğlu əraziləri kənd təsərrüfatı üçün çox vacibdir. NATO ilə birgə bu ərazilərin təmizlənməsi üçün böyük layihələr davam etdirilir. Enerji təhlükəsizliyi sahəsində sıx işləyirik. Azərbaycan mühüm enerji infrastrukturunun mühafizəsi, terrorizmə qarşı mübarizə üzrə Avroatlantika Tərəfdaşlıq Şurası formatında işçi qrupunun sədridir.

- NATO-nun "Uyarlıq Platforması" təşəbbüsündə iştirak edən 24 ölkədən biri də Azərbaycandır. Azərbaycan bu təşəbbüs çərçivəsində hansı işləri görəcək?

- Ümumi məqsədimiz var ki, biz NATO ilə əməkdaşlıqdan mümkün qədər yararlanmağa çalışırıq. 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı fəaliyyətə başladı. Əgər bu proqram yaranarkən NATO-ya daxil olan ölkələrin 1/3-i üzvü idisə, SNT artıq öz missiyasını müəyyən qədər yerinə yetirmiş hesab olunur. Əgər o zaman daha çox keçmiş Sovet ölkələrinin respublikaları üzv idisə, bu gün Avstraliya, Yeni Zelandiya, Yaponiya, Koreya kimi tərəfdaşlar var. Bütün tərəfdaşları cəlb etmək üçün yeni platforma təklif olundu. Biz bu proqram çərçivəsində təbii ki, müxtəlif mənfəətlər qazanacağıq. Biz müxtəlif planlaşdırmalarda, görüşlərdə, proqramların qəbul olunmasında iştirak edə biləcəyik.

- Azərbaycanın NATO-ya üzv olmaq imkanlarını necə qiymətləndirirsiniz?

- Biz NATO-ya üzvlüklə bağlı müraciət etməmişik. Amma biz praktiki əməkdaşlığa nəzər yetirsək, bu tərəfdaşlığın yüksək səviyyədə davam etməsinin şahidi ola bilərik. Üzv olmadan da çoxlu mənfəətlər əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti