...

Əli Əhmədov: “Ulu öndər Heydər Əliyevin şah əsəri onun yaratdığı müstəqil Azərbaycan dövlətidir”

Siyasət Materials 11 Dekabr 2014 11:41 (UTC +04:00)
“Ulu öndər Heydər Əliyevin şah əsəri onun yaratdığı müstəqil Azərbaycan dövlətidir”. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov: “Ulu öndər Heydər Əliyevin şah əsəri onun yaratdığı müstəqil Azərbaycan dövlətidir”

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Ulu öndər Heydər Əliyevin şah əsəri onun yaratdığı müstəqil Azərbaycan dövlətidir". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın tarixində Heydər Əliyevin ayrıca rolu və yeri vardır: "Həyat inkişaf edir, nəsillər dəyişir, yeni nəsil səhnəyə çıxır. Lakin Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanıb desək, yəqin səhvə yol vermərik. Haqqında söhbət etdiyimiz ecazkar hadisənin səbəblərini araşdırmağa çalışsaq, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın müasir tarixinin gedişinə misilsiz təsirini qeyd etmək lazım gələr. Əslində, bu tarixi Heydər Əliyev yaradıb".

YAP-ın sədr müavini əlavə edib ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir: "Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir. Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaratmışdır. Və heç şübhəsiz, bu dövrə, bu tarixə Heydər Əliyevin adı birdəfəlik həkk olunub. Onu da ayrıca vurğulamaq ədalətli olardı ki, Heydər Əliyev zamanın gərdişinin meydana çıxardığı və bu səbəbdən tarixilik statusu qazanmış lider olmamışdır. Onun tarixi rolu və xidmətləri daha çox, bəlkə də belə demək doğru olar ki, müstəsna halda qeyri-adi istedadı və liderlik energetikası ilə əlaqədardır. Tarix isə dahi insanları unutmur. Çünki dahi insanlar tarixin bəzəyidir. Onlarsız tarix çox sönük və maraqsız olardı".

Ə.Əhmədovun sözlərinə görə, insanlar Heydər Əliyevi həm də ona görə unutmurlar ki, onların həyatında baş vermiş müsbət dəyişikliklər məhz ulu öndərin adı, müəyyən etdiyi siyasətlə birbaşa bağlıdır: "Heydər Əliyev həm də ona görə yaşayır və daim yaşayacaq ki, o, həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, güc və qüdrət mənbəyi xalq olub. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz istəklərinin, arzularının ifadəsini görüb. İndi isə ulu öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti