...

Səfir: ABŞ və Azərbaycanı ümumi məqsədlər birləşdirir (VİDEO)

Siyasət Materials 10 Fevral 2015 17:23 (UTC +04:00)
1991-ci ildə müstəqillik əldə etdikdən etibarən Azərbaycanı və ABŞ-ı ümumi məqsədlər birləşdirir.
Səfir: ABŞ və Azərbaycanı ümumi məqsədlər birləşdirir (VİDEO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

1991-ci ildə müstəqillik əldə etdikdən etibarən Azərbaycanı və ABŞ-ı ümumi məqsədlər birləşdirir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta videomüraciətində deyib. Videomüraciət səfirliyin "Facebook" səhifəsində yerləşdirilib.

Diplomat səlahiyyətlərinə başladıqdan sonra əməkdaşlığı möhkəmləndirmək niyyətində olduğu əsas sahələri qeyd edib: "Əsas prioritetlər regional təhlükəsizlik, iqtisadi inkişaf, gənclərin işlə təmin edilməsi və demokratik inkişafdır".

R.Sekuta bildirib ki, iki ölkəni yaxınlaşdırmaq üçün insanlar arasında təmasları möhkəmləndirmək vacibdir: "Bütün bu prioritetlər Azərbaycanın sabitliyi üçün əsasdır. Mən Azərbaycana gəlişimi səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, ABŞ Senatı ötən il dekabrın 16-da Robert Frensis Sekutanın bu ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibi köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti