...

"Həyat üçün qan" (FOTO)

Siyasət Materials 25 Fevral 2015 19:38 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfirliyi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Vilnüs şəhər Sarayında (Ratuşa) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı anma mərasimi keçirib.
"Həyat üçün qan" (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Vilnüs şəhər Sarayında (Ratuşa) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı "Həyat üçün qan" adlı anma mərasimi keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Litva Seymində Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun sədri Yuras Pojela, GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə qrupun rəhbəri Mantas Adomenas və Seymin deputatları, Litva Olimpiya Komitəsinin prezidenti və bir sıra nazirliklərin vəzifəli şəxsləri, QHT rəhbərləri, Litvanın ictimai-siyasi xadimləri, şou-biznes və yerli KİV nümayəndələri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan səfir Həsən Məmmədzadə Xocalı soyqırımı haqqında qonaqlara ətraflı məlumat verərək, soyqırımın tək azərbaycanlılara deyil bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirmişdir. O, həmin gün yüzlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edildiyini və bu dəhşətli faciənin Azərbaycan xalqının qan yaddaşında əbədi həkk olunduğunu qeyd etmişdir. Səfir anma mərasimi çərçivəsində Xocalı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə səfirlik tərəfindən qan vermə aksiyasının təşkil edildiyini iştirakçıların diqqətinə çatdıraraq, hamını bu aksiyaya qoşulmağa çağırmışdır.

Litva Seymində Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun sədri Yuras Pojela öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışaraq Azərbaycanın 20 faiz ərazisinin işğal edildiyini, bir milyondan artıq insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd etmişdir. Y.Pojela 23 üç il öncə dünya ictimaiyyətinin gözü qarşısında erməni millətçiləri tərəfindən bəşəriyyətə qarşı cinayət törədildiyini bildirərək, dünya ictimaiyyəti tərəfindən bu qətliama siyasi-hüquqi qiymətin verilməsinin və cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulamışdır. O, bu günlərdə Xocalı soyqırımı ilə əlaqədar Litva Seyminin 51 üzvünün müraciət qəbul etdiyini qeyd edərək, Aİ-ni Ukrayna məsələsində nümayiş etdirdiyi həssaslığı eyniliklə Dağlıq Qarabağ məsələsinin həllində də göstərməyə çağırmışdır.

Hərbi jurnalist Ricardas Lapaytis çıxış edərək 1992-1993-cü illərdə dəfələrlə Azərbaycana səfər etdiyini, ermənilər tərəfindən Laçında, Ağdamda və digər rayonlarda törədilmiş qanlı hadisələrin canlı şahidi olduğunu qeyd edərək, Xocalı qətliamının acı nəticələrinin şəkillərini çəkdiyini söyləmişdir. O, Xocalı faciəsi haqqında Litvada yazan ilk jurnalistin olduğunu, "Sonsuz dəhliz" sənədli filminin çəkilişində iştirak etdiyini bildirmişdir.

Daha sonra mərasim iştirakçılarına litvalı rejissor Aleksandras Brokas və Mindaugas Urbonaviçusun çəkdiyi "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunmuşdur.

Tədbir müddəti ərzində səfirliyin əməkdaşları, Litvada təhsil alan tələbələrimiz və daimi yaşayan soydaşlarımız Xocalı soyqırımının qurbanlarının xatirəsinə Litvada qanazlığından əziyyət çəkən insanlar üçün qan vermişlər.

Səfir H.Məmmədzadə Xocalı soyqırımı ilə bağlı Litva televiziya kanallarına müsahibə vermişdir.

Anım mərasimi haqqında məlumat Litvanın ən çox baxılan TV3, LRT, LNK, PenkiTv televiziya kanallarının xəbərlər verilişində nümayiş olunmuş, "extrafm" radiosunda yayımlanmış, "ELTA", "lzinios", "15min.lt", "lrt.lt", "sveikata.lrytas.lt", "madeinvilnius.com" kimi nüfuzlu informasiya agentlikləri və internet portallarında mərasimlə bağlı məqalələr dərc olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti