...

Deputat: I Avropa Oyunlarını boykota çağırış Azərbaycana qarşı ideoloji müharibənin tərkib hissəsidir

Siyasət Materials 5 Mart 2015 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırış Azərbaycana qarşı ideoloji müharibə və təbliğatın tərkib hissəsidir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli "Amnesty International" təşkilatının I Avropa Oyunlarını boykot etməyə çağırışına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, "Amnesty International" təşkilatının I Avropa Oyunlarını boykot etməyə çağırışı bizim üçün yeni şey deyil: "Əvvəla, Azərbaycanı sevməyən qüvvələr var. Azərbaycanın ümumi inkişafına mane olmağa cəhd edən dövlətlər var. Azərbaycana qarşı münasibətlərində yenə də imperiya ambisiyasını yaşadan insanlar var. Azərbaycan dünyanın diqqətini çəkə biləcək hər hansı möhtəşəm və mötəbər addımlar atdıqda həmin qüvvələr narahat olmağa başlayır".

Digər tərəfdən, F.İbrahimlinin fikrincə, onlara bu işdə Azərbaycanın içindən dəstək olan antiazərbaycan qüvvələr də var: "İçimizdə bəzi "denikinlər" var ki, xaricdən dəstəklə yaşayırlar. Onların genetik kodunda antiazərbaycan düşüncələri, qanı yaşayır. Onlar xarici qüvvələrə belə məsələlərdə daim kömək edir, onlara saxta informasiyalar verirlər. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzu deməkdir. Olimpiya Oyunlarının burada baş tutması Azərbaycanın dünyaya çıxması, daha çox tanınması, sayılması, qəbul edilməsi, dövlət kimi bütün dünyanın diqqətini cəlb etməsi deməkdir. Belə olan halda həmin "qara qüvvələr" baş qaldırır və ideoloji müharibə və təbliğata başlayırlar. "Amnesty International" təşkilatının bu addımı da məhz həmin müharibə və təbliğatın tərkib hissəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti