Baş redaktorun müavini
İlahə Məmmədli - Trend:
Dünyadakı siyasi və iqtisadi böhran şəraitində dinlər, mədəniyyətlər və müxtəlif siyasi qüvvələr arasında dialoqa ciddi tələbat yaranır. Son illərdə Azərbaycan bu prosesdə əhəmiyyətli rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri də bu baxımdan əlamətdardır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, yaxın günlərdə Azərbaycana Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum səfər etmişdi.
Dünyanın bütün ciddi oyunçularının siyasi və iqtisadi maraqlarının kəsişdiyi Azərbaycan yuxarıda qeyd etdiyimiz dialoqun təşkilində vasitəçi kimi çıxış edə bilər. Buna Bakının bütün region ölkələri ilə - Rusiya, Gürcüstan, Yaxın Şərq ölkələri ilə yaxşı münasibətləri, ABŞ və Avropa İttifaqı ilə sıx tərəfdaşlığı əsas verir.
Həmçinin, Bakı regionun digər dövlətləri ilə iqtisadi münasibətlərin inkişafı və investisiya baxımından ərəb ölkələri üçün iqtisadi meydan rolunu oynaya bilər.
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə görüşündə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi və bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd olundu.
Görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı, poladəritmə, enerji sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edildi.
Hər iki dövlətin İslam Əməkdaşlıq Təşkilatının üzvü olması mühüm amildir. İƏT Azərbaycan ərazilərinin işğalını, eləcə də bu ərazilərdə vandalizmi, abidələrin məhv edilməsini qeyd-şərtsiz pisləyir.
Bu səfər Qərbin İrana qarşı sanksiyaları ləğv edəcəyinin gündəmə gəldiyi bir vaxtda reallaşdı. Sanksiyaların ləğvi ilə razılaşan ABŞ ən etibarlı müttəfiqlərinə - neft hasil edən ərəb ölkələrinə zərbə vurmuş oldu. Bundan əvvəl bu ölkələr ABŞ-ın maraqlarına uyğun olaraq neftin qiymətinin düşməsində müvafiq rol oynadılar. Lakin onlarla eyni kartelə - OPEK-ə daxil olan İran bu ölkələrin qərarına tabe olmur.
Bu gün ərəb monarxiyaları qarşısında İran kimi iri oyunçunu bazara qaytarmaqla neftin qiymətinin nizamlanması məsələsi dayanır. Və bunun üçün də onlara bütün oyunçuların, o cümlədən Azərbaycanın dəstəyi lazımdır.
Bundan başqa, Azərbaycanın əlverişli coğrafi mövqeyi Avropa və Asiya arasında nəqliyyat kommunikasiyasının inkişafı baxımından da ölkəmiz üçün yeni imkanlar yaradır. Beləliklə, Səudiyyə Ərəbistanı Azərbaycanın timsalında təkcə dinlərarası və mədəniyyətlərarası dialoqda yox, həmçinin Qərb və Rusiya ilə iqtisadi əlaqələrdə mühüm vasitəçi görür.
İqtisadiyyatı neft-qaz sektorundan asılı olan Azərbaycan və Səudiyyə Ərəbistanı əməkdaşlığın genişlənməsində qarşılıqlı maraqlara malikdirlər.
Uzunmüddətli sabitlik üçün iqtisadiyyatın diversifikasiyası vacib rol oynayır. Kənd təsərrüfatı Azərbaycan üçün əsas ixrac sahəsinə çevrilə bilər, Səudiyyə Ərəbistanını isə bu baxımdan önəmli bazarlardan biri ola bilər. Ərəb ölkələri kənd təsərrüfatı məhsullarının idxalında çox maraqlıdırlar, çünki bu ölkələrdə əkinə yararlı sahələr azdır. Və bu ölkələr istehlak etdikləri kənd təsərrüfatı məhsullarının 90-95 faizini idxal edirlər.
Məlum olduğu kimi, ikitərəfli münasibətlərin inkişafında ticarət əlaqələri mühüm rol oynayır. Lakin Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi təqribən iki dəfə azalaraq 14,7 milyon ABŞ dolları təşkil edib.
2014-cü ildə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması ilə bağlı danışıqlar prosesinə Səudiyyə Ərəbistanı da qoşuldu və bu istiqamətdə yetərincə aktiv iş aparır.
Səudiyyə Ərəbistanının 7 şirkəti Azərbaycanda investisiya fəaliyyəti ilə məşğuldur. Həmin şirkətlər sığorta, bank sistemi, ticarət, sənaye və xidmət sahələrində çalışırlar. Bu şirkətlərin 2002-2014-cü illərdə Azərbaycana yatırdığı sərmayələrin ümumi məbləği 370 milyon ABŞ dolları təşkil edir.
Hazırda iki ölkə ticarət və investisiya sahəsində əlaqələrin genişlənməsi üçün böyük potensiala malikdir. İmzalanmış sazişlər, investisiyaların qorunması və ikiqat vergitutmanın ləğvi ilə əlaqədar qarşılıqlı anlaşmalar bu əlaqələrin qarantı sayıla bilər.
Bu vaxtadək Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət və iqtisadi əməkdaşlığa dair 18 saziş imzalanıb.
Beləliklə, Səudiyyə Ərəbistanı beynəlxalq təşkilatlarda Azərbaycana dəstəyini bir daha təsdiqlədi və rəsmi Bakının Krallıq üçün ikitərəfli və regional münasibətlərin inkişafında uğurlu müttəfiq və vasitəçi kimi əhəmiyyəti möhkəmləndi.