...

Tahir Rzayev: "Con Kerri həmişə ermənipərəst mövqe tutub"

Siyasət Materials 29 Aprel 2015 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"ABŞ-ın bəzi hakimiyyət dairələri, o cümlədən Con Kerri həmişə ermənipərəst mövqe tutub, erməniləri müdafiə edib. Əgər belə olmasaydı, ATƏT-in Minsk qrupunun həmsədri kimi həqiqəti açıqlayardılar".

Bu barədə Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.

T.Rzayev qeyd edib ki, bu dairələr əgər doğrudan da insan hüquqlarını qoruyurlarsa, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinin tərəfdarıdırlarsa, Azərbaycanın haqq səsini müdafiə etməlidirlər, Azərbaycanda gedən bu inkişafa, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərə real qiymət verməlidirlər: "Son dövrlərdə Azərbaycanda çoxlu sayda dünya əhəmiyyətli tədbir keçirilib ki, heç bir ölkədə belə tədbirlər olmayıb. Bu görülən işləri müsbət qiymətləndirmək əvəzinə, daim antiazərbaycan təbliğatı aparırlar. Çox təəssüflər olsun ki, ölkə daxilində olan bəzi adamlar da bunların sözünü deyirlər, bunların əlaltılarına çevriliblər. Belə olanda görünür ki, deməli, haradasa bu kampaniya bir mərkəzdən idarə olunur və eyni maliyyə ilə nizamlanır".

Millət vəkili vurğulayıb ki, hələ ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunanda bu dairələr "Azərbaycan buna hazır ola bilməz", "Azərbaycanda bunun üçün imkan yoxdur" və sair şayələr yaydılar: "Ancaq nəticələr göstərdi ki, qısa müddət ərzində lazımi idman qurğuları tikilib istifadəyə verildi və Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi üçün heç bir çətinlik yoxdur. Onlar bunu Azərbaycanı gözdən salmaq üçün edirlər, müəyyən məsələləri şişirtməklə bundan bir təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. Onlar Azərbaycana öz sözlərini diqtə etmək istəyirlər, amma bu, mümkün deyil. Azərbaycanın özünün düşünülmüş daxili və xarici siyasəti var və heç bir ölkə bizə diqtə edə bilməz. Azərbaycan bütün ölkələrlə yalnız qarşılıqlı əməkdaşlıq, sağlam münasibətlər əsasında münasibət qurur, kiminsə diqtəsi ilə yox".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti