Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycan regionda vacib oyunçuya çevrilir və Türkiyənin vacib tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan Bakıda keçirilən Regional Məsləhət Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı müstəqillik illərində daha çox inkişaf edib: "Bu, təkcə ölkə üçün deyil, həm də bütün region üçün böyük əhəmiyyət daşıyır".
Ə.Babacan qeyd edib ki, Azərbaycanın G20 sammitində iştirakı onun dünya arenasında rolunu daha da gücləndirəcək.
Baş nazirin müavini əlavə edib ki, işğal siyasəti Ermənistanı inkişafdan və regionda reallaşdırılan enerji layihələrində iştirakdan uzaqlaşdırıb: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rəsmi Bakını dəstəkləyir".
Onun sözlərinə görə, Transadriatik boru kəməri (TAP) kimi birgə enerji layihələri regionda Azərbaycan və Türkiyənin rolunu daha da gücləndirir: "İlin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu magistralının inşası başa çatacaq".