...

Prezident İlham Əliyev: Əgər üzlüklər odadavamlı deyilsə, dərhal bütün binalardakı üzlüklər sökülməlidir

Siyasət Materials 20 May 2015 17:48 (UTC +04:00)
İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir.
Prezident İlham Əliyev: Əgər üzlüklər odadavamlı deyilsə, dərhal bütün binalardakı üzlüklər sökülməlidir

Azərbaycan, Bakı, 20 may /Trend/

"İndi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Bu materiallar təhlil edilməlidir. Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, bundan sonra təmir olunmalıdır". Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında deyib. Məlumatı AzTV yayıb.

Prezident bildirib ki, Nazirlər Kabineti tezliklə həm həlak olanların ailələrinə, həm də yaralılara göstəriləcək maddi köməyin həcmini müəyyən etməli və bununla bağlı təklif verməlidir: "Burada da yubanma olmamalıdır, bu iş çox vaxt aparmamalıdır. O vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti bütün qalan məsələləri öz üzərinə götürür".

Dövlət başçısı deyib ki, birincisi, həlak olanların ailələrinə maddi yardım verilməlidir: "Maddi yardım mənzil həcminə görə olmamalıdır. İkincisi, mənzillərin təmiri dövlət tərəfindən aparılmalıdır. Üçüncüsü, yaralananlara dövlət tərəfindən maddi yardım verilməlidir. Onun məbləği müəyyən edilməlidir və bütün yanmış mənzillərin ev əşyaları - mebeldən tutmuş qab-qacağa qədər dövlət tərəfindən yüksək səviyyədə təmin edilməlidir. Buna görə də siyahılar var. Evlərdə insanların sənədləri də yanıb. Daxili İşlər Nazirliyi, "ASAN xidmət" və digər müvafiq qurumlar tezliklə bütün sənədləri bərpa etməlidirlər".

Prezident tezliklə müvafiq sərəncam imzalayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti