...

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsini dünyanın məkrli dairələri qurdular

Siyasət Materials 27 May 2015 16:00 (UTC +04:00)
“Azərbaycanın müstəqilliyini qazandığı ərəfədə Dağlıq Qarabağ probleminin yaranması birdən-birə olmadı. Bunu dünyanın məkrli dairələri qurdular”.
Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsini dünyanın məkrli dairələri qurdular

Azərbaycan, Bakı, 27 may /Trend/

"Azərbaycanın müstəqilliyini qazandığı ərəfədə Dağlıq Qarabağ probleminin yaranması birdən-birə olmadı. Bunu dünyanın məkrli dairələri qurdular". Bu barədə "Azernews" qəzetinə və Trend-ə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Rusiya daxilində də buna dəstək verənlər oldu: "Bu gün beynəlxalq aləmdəki münasibətlərdə bir güclü böhran var. Bu da ədalət böhranıdır".

PA rəsmisi bildirib ki, beynəlxalq, dövlətlərarası münasibətlərdə proseslər heç də kənardan göründüyü kimi sadə deyil: "Bu sahə ilə dərindən tanış olanda görürsən ki, bəyanatlara, sənədlərə baxmayaraq, vəziyyət tamam başqa cürdür. Ədalət böhranı odur ki, artıq dünyada gedən bütün proseslərə beynəlxalq hüququn, onun norma və prinsiplərinin tətbiqi ilə yanaşma yoxdur. Çox təəssüflər olsun. Baxmayaraq ki, biz artıq 21-ci əsrdə yaşayırıq və bu normalar təbii proses olmalıdır, heç kim bunu etmir. Çox sərt olsa da deyirəm ki, SSRİ dağılandan sonra beynəlxalq aləmdə güclü dövlətlərin öz siyasi, iqtisadi və geosiyasi maraqlarını hər şeydən üstün tutaraq beynəlxalq münasibətləri tənzimləmək, qayda-qanun yaratmaq cəhdləri ilə müşayiət olunan proseslər gedir. Bu isə uğur gətirə bilməz".

N.Məmmədov bildirib ki, Azərbaycan üçün bu münaqişənin əsası ilk günlərdən, hələ müstəqil olmamışdan əvvəl qoyuldu: "Müəyyən mərkəzlər, dairələr var ki, onlar bu məsələlərlə elə indi də məşğul olurlar. İki əks qütb - SSRİ və Qərb olan zaman dünyada təxminən 10 ölkədə gərgin vəziyyət var idi. İndi isə 50-yə yaxın ölkədə narahatlıq doğuran gərgin vəziyyət var. Bu problemlər özbaşına yaranmır. Hansının da necə, harada və niyə yarandığını gözəl bilirik. Bu gün televiziyada, qəzetlərdə, KİV-lərdə bəzi ölkələrin adlarının daim çəkildiyinin şahidi olursunuz. Çox şükür ki, Azərbaycan onun üçün çox mürəkkəb münaqişənin hazırlanıb ortaya qoyulmasına və hələ də müharibə şəraitində olmasına baxmayaraq, stabilliyini və təhlükəsizliyini təmin edib, çox böyük uğurlar qazanıb və dövlətçiliyinin inkişafını davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti