...

"ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib

Siyasət Materials 10 İyun 2015 16:34 (UTC +04:00)
Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" və "Azad Azərbaycan" Müstəqil Teleradio Kampaniyasının birgə təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib.
"ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" və "Azad Azərbaycan" Müstəqil Teleradio Kampaniyasının birgə təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı antitəbliğat kampaniyası daha da güclənir: "Azərbaycanın güclənməsi, uğurları sözsüz ki, bəzi dairələri narahat edir".

Sonra "Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: antiazərbaycan kampaniyası" mövzusunda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, hələ qədim zamanlardan idman yarışları sülhü, əmin-amanlığı bərqərar edən hadisə idi: "Bu gün də bu ənənə öz nüfuzunu qoruyub saxlayır. Belə olduğu təqdirdə, Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı aqressiya nədəndir? Məgər müstəqil siyasət yürüdən dövlətlərin keçirdiyi tədbirlər, elə bu Oyunlar sülhün təbliğinə xidmət etmirmi? Əlbəttə edir".

O, qeyd edib ki, hər il bəzi aparıcı güclər, birliklər eləcə də onların himayəsində olan beynəlxalq təşlkilatlar dünyanın ayrı-ayrı bölgələrində mövcud olan münaqişə və qarşıdurmaları tənzimləmək iddiası ilə ictimai diplomatiya xarakteri daşıyan müxtəlif tədbirlərin həyata keçirilməsi üçün miyardlarla dollar vəsait xərcləyir, layihələr reallaşdırırlar: "Belə olduğu təqdirdə, Bakıda Avropa Oyunlarına münasibətdə sərgilənən həddən artıq aqressiya ilk baxışda təəccüb doğurmalıdır. Dünyanı müharibə ilə idarə etməyə çalışan, milyonlarla insanın faciəsi üzərində öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışan güclər sözün əsl mənasında barışa, sülhə maraqlı deyillər".

E.Mirzəbəyli bildirib ki, beləliklə, maskalar yırtılır və gerçək simalar üzə çıxır: "Bu gün bəşəriyyəti fəlakətə sürükləyənlər bununla kifayətlənmir, hər şeyi əllərində cəmləməyə çalışırlar".

Onun sözlərinə görə, antiazərbaycan kampaniyasını idarə edənlərin kimliyinə diqqət etdikdə maraqlı mənzərə ortaya çıxır: "Onların Ermənistanla əlaqələri var. Azərbaycan idmançılarının erməni idmançılar üzərində qələbəsinə siyasi don geydirənlər bunu başqa cür qələmə verir. Aran Vandaryanın bu Oyunları boykota çağırması isə bu işdə ermənilərin əlinin olduğunu açıqca ortaya qoyur".

"ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, birinci Avropa Oyunlarına qarşı kampaniyada ABŞ dairələri də fəal iştirak edirlər.

S.Məmmədov vurğulayıb ki, dini və etnik tolerantlığın yüksək olduğu Azərbaycan irqi ayrı-seçkiliyin tüğyan etdiyi ABŞ tərəfindən müzakirəyə çıxarılır. O, qeyd edib ki, ABŞ heç zaman multikulturalizmi dəstəkləmir, baxmayaraq ki, orada müxtəlif xalqların nümayəndələri yaşayır: "ABŞ ölkədə yaşayan bütün xalqların mədəniyyətini birləşdirərək panamerika mədəniyyəti formalaşdırmağa çalışır ki, bu da fiaskoya uğrayır".

O bildirib ki, ABŞ heç bir insan hüquqları konvensiyasını təsdiqləməyib: "Dövlətlər bir-birilərində olan insan hüquqlarının vəziyyəti ilə bağlı məsələyə toxuna bilər, amma ilk növbədə özlərindəki vəziyyətə baxmalıdır".

S.Məmmədov qeyd edib ki, ABŞ-da ağdərili polislər qaradərililərin üzərinə silah çəkir və bunu heç nədən çəkinmədən edirlər: "Çünki onlar arxayındırlar ki, məhkəmələrdə olanların böyük əksəriyyəti ağdərilidir və heç vaxt ağdərililərin əleyhinə qərar verməyə imkan verməzlər".

Daha sonra "ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar və onların fəsadları" mövzusunda çıxış edən politoloq Elman Nəsirov deyib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, lakin ABŞ adekvat addımlar atmır. Onun sözlərinə görə, ABŞ başqa dövlətlərin işinə qarışır, özünün strateji tərəfdaşı olan Azərbaycanı da daxili işlərə qarışmağa çalışır.

Politoloq qeyd edib ki, ABŞ ilk növbədə alqı-satqını dollarla aparmaq istəməyən dövlətlərə qarşı çıxır: "Səddam Hüseyn OPEK-dən tələb etdi ki, neft alqı-satqısı dollarla aparılmasın; taleyi də məlumdur. Liviyanın sabiq Prezidenti Qəddafi neft satışını avro ilə aparacağını bəyan etmişdi, az sonra ona qarşı inqilab təşkil etdilər. 2011-ci ilin yanvarında Bəşər Əsəd neft əməliyyatlarını rus rublu və Çin yuanı ilə aparacağını açıqladı, həmin ilin martında Suriyada qarşıdurma başladı. Yəni ABŞ ilk növbədə dolların dünyada mövqeyini gücləndirməyə və buna qarşı çıxanlarla mübarizə aparmağı əsas məqsəd kimi qarşıya qoyub. ABŞ özünə müstəsnalıq hüququ verib və yalanı o qədər deməyə çalışırlar ki, həqiqət kimi qəbul edilsin. Lüter Kinq arzu edirdi ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmağa, narıncı inqilablar törətməyə son qoysun".

Koalisiyanın koordinatoru, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək bildirib ki, irqi ayrı-seçkiliklə bağlı baş verən qətllər, korrupsiya halları bu məsələdə başqa dövlətləri tənqid edən ABŞ-da da baş verir.

A.Quliyev qeyd edib ki, əgər dünya bərabərhüquqlu prinsiplər əsasında qurulubsa, hər kəs başqasının seçdiyi yola hörmətlə yanaşmalıdır: "Əks halda biz də məcbur oluruq ki, başqalarının daxili durumunu müzakirə edək. Əgər bu gün ABŞ-da insanın təhlükəsiz yaşamaq hüququna təminat yoxdursa, yaşamaq təhlükəlidirsə, o halda Konstitusiya və İnsan Hüquqları Bəyannaməsi ilə yaşananlar arasında çox böyük fərq var".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəimzadə isə deyib ki, ABŞ-da insanlığa qarşı atılan addımlar narahatlıq doğurur.

Onun sözlərinə görə, ABŞ-da yetkinlik yaşına çatmayan gəncin edam olunması bu ölkədə vəziyyətin nə yerdə olduğunu göstərir: "ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması tamamilə yolverilməzdir. ABŞ-da qaradərili insanlara kifayət qədər təqib və təzyiqlər varsa, hansı demokratiyadan danışa bilərlər? Sadəcə, insan hüquqlarını bəhanə edərək başqa ölkələrin daxili işlərinə qarışmağa çalışırlar. İnsan hüquqlarına hörmət etməyən ölkənin başqa ölkələrdə bunu bəhanə edərək həmin ölkənin daxili işlərinə qarışması ikili standartdır. Azərbaycana qarşı "qara piar" kampaniyasına ABŞ-dan başlanması da təsadüfi deyil. Onlar yeni müstəqillik qazanmış ölkələri öz təsir dairələrinə salmağa çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti