...

Heydər Əliyev Fondu Parisdə “Azərbaycan şəhərciyi” təşkil edəcək

Siyasət Materials 28 Avqust 2015 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Heydər Əliyev Fondu tərəfindən avqustun 29-dan Parisin Pale Royal meydanında "Azərbaycan şəhərciyi" təşkil olunacaq. Fonddan Trend-ə bildiriblər ki, "Azərbaycan Parisin ürəyində" adlanan şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

Parisdə artıq ikinci dəfə təşkil olunan "Azərbaycan şəhərciyi"ndə ölkənin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunacaq.

Milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında yaradılan "Azərbaycan şəhərciyi"ndəki bölmələrin hər biri ölkəmizi hərtərəfli tanımağa, xalqların bir-birinə daha da yaxınlaşmasına geniş imkanlar yaradacaq.

Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgi təşkil ediləcək. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə "Emalatxana" bölməsində yaxından izləyə biləcəklər. Ölkəmizi təmsil edən ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edəcəklər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və Azərbaycanda yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunacaq. "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı bu sərgi iki ölkə və xalqın həyatını tərənnüm edir.

"Azərbaycan şəhərciyi"ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulacaq. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli şirkətlərə aid köşklərdə milli şirniyyatlar, içkilər təqdim olunacaq. Şəhərciyin qonaqları üçün, həmçinin milli mətbəximizin ləziz xörəkləri hazırlanacaq.

Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunacaq.

"Azərbaycan şəhərciyi"ndə quraşdırılmış səhnədə, həmçinin konsert proqramları təşkil ediləcək. Konsertlərdə Azərbaycan musiqisi və rəqsləri təqdim olunacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. İzləyicilərin maraqla qarşıladıqları bu layihə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük imkanlar yaratmışdı. Bu maraqdan irəli gələrək Heydər Əliyev Fondu Parisin daha bir məşhur məkanında-Pale Royal meydanında ölkəmizin tarixini, milli-mənəvi dəyərlərini, turizm imkanlarını tərənnüm edən növbəti belə bir şəhərciyi təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti