...

Uruqvayın regiona yönəlmiş iqtisadi siyasətinin mərkəzi məhz Azərbaycan olacaq

Siyasət Materials 14 Sentyabr 2015 18:45 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kanselanı qəbul edib.
Uruqvayın regiona yönəlmiş iqtisadi siyasətinin mərkəzi məhz Azərbaycan olacaq

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kanselanı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edərək, Azərbaycanla Uruqvay arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı.

Görüş əsnasında bu səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunaraq, gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulandı.

Nazir müavini X.L.Kansela Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək, Uraqvayın xarici siyasətinin təməl prinsiplərindən birinin dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu diqqətə çatdırdı.

E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyərək Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışdı. Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin tələblərinə riayət etmədiyini deyən nazir münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu dedi.

Görüşdə iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olundu.

Azərbaycan və Uruqvay arasında ilk siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovla Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini X.L.Kansela arasında da görüş keçirildi.

Görüş zamanı nazir müavini X.Xələfov Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verəcəyini qeyd edib. X.Xələfov qonağa ölkəmizin yerləşdiyi regionda geosiyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında ətraflı məlumat verdi. Azərbaycan və Uruqvay arasında kənd təsərrüfatı, energetika və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir müavini əlaqələrin daha da dərinləşməsi, ölkələrimizin qarşılıqlı təbliği və yeni əməkdaşlıq imkanlarından istifadə olunması baxımından yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğuladı.

Sovet İttifaqının dağılmasından sonra bir sıra Qərb şirkətlərinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda irimiqyaslı enerji layihələrinin həyata keçirildiyini diqqətə çatdıran X.Xələfov hazırda Xəzər regionunun böyük nəqliyyat dəhlizinə çevrildiyini də diqqətə çatdırdı. Azərbaycanın Latın Amerikası ölkələri ilə, o cümlədən də Uruqvayla münasibətlərin inkişafında maraqlı olduğunu söyləyən X.Xələfov təəssüf ki ticarət-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini, siyasi dialoqun inkişaf etməsinin iqtisadi münasibətlərə də təkan verəcəyini bildirdi.

Azərbaycanda olduğu zaman ona göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirən uruqvaylı diplomat ilk dəfə keçirilən bu siyasi məsləhətləşmələrin münasibətlərin daha da inkişafına təkan verəcəyini söylədi. Uruqvayın Azərbaycanla kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan X.L.Kansela qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə lazımi hüquqi çərçivənin formalaşmasının və müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkdi.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti zamanı böyük təcrübə qazandığını söyləyən X.L.Kansela ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd etdi. Uruqvayın regionda və dünyada sülhün və sabitliyin dəstəklənməsi istiqamətində siyasət həyata keçirdiyini qeyd edən qonaq, münaqişələrin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduqlarını vurğuladı. Uruqvayın beynəlxalq hüquqa hörmətlə yanaşdığını, beynəlxalq hüquq prinsiplərinin dövlətlər arası münasibətlərin təməli olmasını dəstəklədiyini qeyd edən nazir müavini X.L.Kansela bu xüsusda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini bildirdi, bu mövqeyin müzakirə predmeti belə olmadığını vurğuladı.

Ölkəmizi Mərkəzi Asiya və Xəzər regionuna çıxış üçün mühüm mərkəz kimi əhəmiyyətini qeyd edən X.L.Kansela Uruqvayın bu regiona yönəlmiş iqtisadi siyasətinin mərkəzinin məhz Azərbaycan olacağını bildirdi.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti