Azərbaycan, Bakı, 2 oktyabr /Trend müxbir Elçin Mehdiyev/
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gen keçirilən iclasında deyib.
O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib: "Onlardan 572-si siyasi partiyalar, 62-si "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1805-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib".
M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1750 nəfəri imza vərəqəsi alıb: "1365 nəfər artıq imza vərəqələrini qaytarıb".
Qeydə alınan namizədlərin 213-ü siyasi partiyalar, 5-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 662-si isə fərdi qaydada irəli sürülüb.
MSK sədri bildirib ki, seçkiləri izləmək istəyən 110 müşahidəçidən 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb. Onun sözlərinə görə, seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib.
İclasda namizədliyin qeydə alınmasından imtina barədə dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.
Bundan başqa, Yeni Azərbaycan Partiyası və Ana Vətən Partiyasının bir neçə səlahiyyəti nümayəndəsi qeydə alınıb.
İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.