...

İlham Əliyev: Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb

Siyasət Materials 24 Noyabr 2015 22:29 (UTC +04:00)
“Baxmayaraq ki, son illər ərzində böyük uğurlar əldə edilib, həll olunmamış, həllini gözləyən problemlər var. Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.”
İlham Əliyev: Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb

Bakı. Trend:

"Baxmayaraq ki, son illər ərzində böyük uğurlar əldə edilib, həll olunmamış, həllini gözləyən problemlər var. Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır."

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur: "Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun.

Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq".

İlham Əliyev vurğulayıb ki, bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb:

"Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün əlbəttə, tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq.

Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır. Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma "erməni dövləti" yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir".

Dövlət başçısı bildirib ki, bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək:

"Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.

Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.

Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır".

İlham Əliyev deyib ki, bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir:

"İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.

Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi.

Yenə də deyirəm, Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ qurumu"nu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik.

Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq, bizim təbii ki, büdcə gəlirlərimiz azalıbdır. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki, bir daha demək istəyirəm ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti