Bakı. Trend:
Azərbaycan Müdafiə Nazirliyi hazırki maliyyə vəziyyəti və gələcək planlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən il illə müqayisədə xeyli miqdarda artıb.
Qeyd olunub ki, hərbi qulluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur: "Tam əksinə, mərkəzi aparatda və qərargahlarda edilən ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi qulluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib".
2016-cı il ərzində Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətlərdə görülən işlər davam etdiriləcək.
Qeyd olunub ki, il ərzində 10-a yaxın yeni hərbi şəhərciyin, eləcə də xidməti və daimi mənzillərin istifadəyə verilməsi planlaşdırılır: "Novruz bayramı günlərində açılacaq 3 yeni hərbi şəhərcik də görüləcək fəaliyyətlərin bariz nümunəsi olacaq. Bu ərəfədə Silahlı Qüvvələrdə təşkil ediləcək "Açıq qapı günü"ndə valideynlər və ictimaiyyət nümayəndələri də deyilənlərin şahidi olacaqlar".
Eyni zamanda, döyüş hazırlığının gücləndirilməsi istiqamətində planlaşdırılan ikitərəfli, çoxtərəfli beynəlxalq, o cümlədən, birlik və birləşmə səviyyəsində, müxtəlif qoşun növlərinin cəlb olunması ilə xeyli sayda təlimlər də keçiriləcək.
Silahlı Qüvvələrdə il ərzində görülən işlər, fəaliyyətlər, həyata keçirilən bütün tədbirlər barədə Müdafiə Nazirliyi şəffaf şəkildə, vaxtında və faktlarla məlumatları ictimaiyyətə təqdim edəcək.