...

Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2016 16:45 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki Baş konsulluğunda 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib.
Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar anım mərasimi keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək, 20 yanvar tarixinin Azərbaycan xalqı tərəfindən kədər, eyni zamanda qürur hissi ilə daim yad edildiyini bildirib. Baş konsul erməni əsilli xüsusi təyinatlılardan təşkil olunmuş sovet imperiyasının ordusu tərəfindən amansızcasına törədilmiş 20 Yanvar qətliamının Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini sındırmaq məqsədilə yanaşı, tarix boyu Azərbaycana qarşı aparılan proseslərin davamı olduğunu vurğulayıb. Zəngəzur, Vedi, Göyçə mahalı kimi bir çox Azərbaycan torpaqlarını da vaxtilə öz havadarlarının köməkliyi ilə işğal etmiş, dəfələrlə soyqırımları törətmiş Ermənistanın bu qətliamdakı digər məqsədinin bir daha Azərbaycan torpaqlarına yiyələnmək və böyük Ermənistan xülyalarını davam etdirmək olduğunu qeyd edib.

Baş konsul sovet imperiyasının və Azərbaycanın o vaxtkı rəhbərliyinin 20 Yanvar hadisələrinin gerçək miqyas və mahiyyətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının qarşısını almağa, bu hərbi cinayəti həmin dövrdə ört-basdır etməyə çalışdığını, lakin ulu öndər Heydər Əliyevin sayəsində buna nail ola bilmədiklərini, göstərilən təzyiqlərə baxmayaraq, məhz Heydər Əliyevin Moskvada səsləndirdiyi etiraz bəyanatı və etdiyi tarixi çıxış nəticəsində hadisələrdən bütün dünya ictimaiyyətinin xəbər tutduğunu, sonradan onun təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin də bu hadisəyə siyasi-huquqi qiymət verdiyini bildirib.

Ə.Əlizadə 20 yanvar hadisələri ilə başlayan xalqımızın azadlıq mübarizəsinin sonda öz bəhrəsini verdiyini, Azərbaycanın imperiyanın tərkibində saxlanılması cəhdlərinin baş tutmadığını və Azərbaycanın 1 il sonra yenidən öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdıraraq, müstəqilliyimizin qazanılmasında canlarını fəda vermiş Azərbaycanın şəhidlərinin daim yaddaşlarda yaşayacağını vurğulayıb.

Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan süfrəsi verilib, hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu vərəqələr, DVD filmlər, qəzet, kitab və digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş konsulluq tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət fotostendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, buklet və qəzetlərlə tanış olublar.

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti