...

20 Yanvar şəhidləri Sofiyada anılıb (FOTO)

Siyasət Materials 21 Yanvar 2016 12:30 (UTC +04:00)
Yanvarın 20-də Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin və Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Sofiya Universitetində 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir.
20 Yanvar şəhidləri Sofiyada anılıb  (FOTO)

Bakı. Trend:

Yanvarın 20-də Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin və Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Sofiya Universitetində 20 yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Sofiya Universitetinin rəhbərliyi, dekanları, müəllimləri, BR KİV nümayəndələri, o cümlədən ölkəmizdə müxtəlif illərdə təhsil almış Bolqarıstan vətəndaşları, Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr, Səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbir Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Sonra Müvəqqəti İşlər Vəkili Mahir Cəfərov tədbiri giriş nitqi ilə açaraq, qonaqları salamlamış və tədbirdə iştiraklarına görə təşəkkürünü bildirmişdir. O, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətindən, Bakının küçə və meydanlarına toplaşaraq buna qətiyyətlə etirazlarını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu tərəfindən silahın yeridilməsinin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmasından danışmış, 147 mülki şəxsin amansızcasına öldürüldüyünü, 744 nəfərin yaralandığını, 841 nəfərin qeyri qanuni həbs edildiyini qeyd etmişdir. M.Cəfərov 20 Yanvar hadisəsinin xalqımızın yaddaşına qanlı faciə kimi daxil olmasına baxmayaraq, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bundan əlavə, Müvəqqəti İşlər Vəkili M.Cəfərov həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üstün tutan Azərbaycan övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmalarından, habelə 20 yanvar ümumxalq matəm günündə Azərbaycan Hökumətinin və dövlət rəsmilərinin, ölkəmizdə akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərlərinin, sadə vətəndaşların 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət etməsindən danışaraq, faciəyə yalnız Ümumilli Lider H.Əliyevin rəhbərliyi dövründə hüquqi-siyasi qiymətin verildiyini bildirmişdir. M.Cəfərov xalqımızın azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirilyini vurğulamışdır.

Tədbirdə həmçinin, III Bakı Humanitar Forumunun iştirakçısı, Bolqarıstanın Bəstəkarlar İttifaqının üzvü, məşhur dirijor Kiril Lambov, ölkəmizdə 1950-70-ci illərdə təhsil almış professor G. Georgiyev və professor Ç.Hakov çıxış etmişlər.

K.Lambov Bakıda olarkən Şəhidlər Xiyabanını ziyarət etdiyini söyləyərək, uzun müddət bu əzəmətli kompleksin onda yaratdığı təəssüratdan ayrıla bilmədiyini qeyd etmişdir. Baş vermiş faciənin miqyasını və amansızlığını əyani şəkildə hiss etdiyini bildirən K.Lambov, bu faciənin dünya ictimaiyyəti tərəfindən yetərincə qiymətləndirilmədiyini vurğulamışdır.

Bakıda təhsil almış G.Georgiyev və Ç.Hakov ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşmüş, Azərbaycan xalqının tolerantlığından, qonaqpərvərliyindən söz açaraq, qanlı 20 yanvar tarixində bu xalqın belə zülmə düçar edilməsi ilə barışa bilmədiklərini söyləmişlər.

Həmçinin tədbirdə Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin rəhbəri xanım S.Şıgayeva və Bolqarıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri öz çıxışlarında vətəndən uzaqda yaşadıqlarına baxmayaraq, bu qanlı faciəni böyük kədər hissi ilə xatırladıqlarını və bunu heç bir zaman unutmayacaqlarını dilə gətirmişlər.

Tədbirin sonunda iştirakçılar üçün Lider televiziya kanalı tərəfindən çəkilmiş "Qanlı Yanvara aparan yol" adlı sənədli film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti