Bakı. Trend:
Yanvarın 22-də Şirvan şəhərində yerli sakinlərin, şəhər İcra Hakimiyyətinin, bələdiyyə orqanlarının, İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və yerli QHT-lərin iştirakı ilə növbəti yeni infrastruktur layihənin istifadəyə verilməsi mərasimi keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan və ABŞ hökumətlərinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində yenidən bərpa olunan 1400 metrlik asfalt yol sakinlərin istifadəsinə verilib.
Tədbiri açıq elan edən Şirvan şəhər İcra Hakmiyyətinin başçısı Mərdan Camalov belə bir layihənin hazırlanıb şəhər sakinlərinin istifadəsinə verilməsindəki xidmətinə və əməyinə görə IV çağırış Milli Məclisin Şirvandan deputatı olan Azay Quliyevə təşəkkür edib. O bildirib ki, Şirvan şəhərində yaxın vaxtlarda bir neçə belə infrastruktur layihənin təqdimatı olacaq.
Toplantıya qatılan şəhər sakinləri bu layihənin məhz Şirvanda reallaşmasının təşəbbüskarı olan millət vəkili A.Quliyevi səmimiyyətlə qarşılayıblar. Millət vəkili layihənin uğurla başa çatmasına görə hər kəsi təbrik edib. A.Quliyev çıxışında əvvəlcə Azərbaycan hökumətinin sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün regionlarda həyata keçirdiyi layihələrdən danışıb.
Şirvanda reallaşan bir neçə infrastruktur layihəsini Azərbaycan-ABŞ çoxillik əməkdaşlığının, iqtisadi və siyasi işbirliyinin bariz nümunəsi kimi dəyərləndirən A.Quliyev bu əməkdaşlığın regionların iqtisadi inkişafı üzrə Dövlət Proqramına töhfəsini xüsusi qeyd edib: "Şirvandan deputat olduğum vaxtlarda mənə məlumat verilirdi ki, Neftçilər icmasının icmadaxili yolunun bu hissəsi bərbad vəziyyətdədir. Yolun bu hissəsinin bərbad vəziyyətdə olması sakinlərə sosial-iqtisadi, təhsillə bağlı çətinliklər yaradırdı. Bu səbəbdən layihə üzərində işlənildi, Azərbaycan hökumətinin də iştirakçısı olduğu proqram sayəsində Şirvan sakinlərinin daha bir problemi həll olundu".
USAID-in ölkə üzrə direktoru, xanım Mikaela Meredis bu əməkdaşlıqdan məmnun qaldığını və A.Quliyevə bu layihənin reallaşmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin yerli sakinlərin həyat şəraitini yaxşılaşdırmaq üçün var gücləri ilə çalışdıqlarını deyib.
Sonra SQİİ-nin ölkə üzrə direktoru Tim Mediqan, Ümid Sosial İnkişafa Dəstək İB-nin icraçı direktoru İsrail İskəndərov, Şirvan şəhər Birlik kənd İcma-İnkişaf Şurasının sədri Mehriban Əliyeva təbrik nitqi söyləyərək, əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Sonda tədbir iştirakçıları hazırda icrada olan digər layihələrin vəziyyəti ilə tanış olmaq üçün aidiyyəti icmalara baş çəkiblər.