...

Azərbaycanın tolerantlıq nümunəsi olması Amerika Yəhudi Komitəsinin İdarə Heyətinin toplantısında vurğulanıb

Siyasət Materials 24 Fevral 2016 08:54 (UTC +04:00)
ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından biri sayılan “Amerika Yəhudi Komitəsi” (AYK) tərəfindən 21-23 fevral tarixlərində Mayami şəhərində keçirilmiş İdarə Heyətinin (Board of Governors of the American Jewish Committee) ilik konfransının natiqləri arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olmuşdur.
Azərbaycanın tolerantlıq nümunəsi olması Amerika Yəhudi Komitəsinin İdarə Heyətinin toplantısında vurğulanıb

Bakı. Trend:

ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından biri sayılan "Amerika Yəhudi Komitəsi" (AYK) tərəfindən 21-23 fevral tarixlərində Mayami şəhərində keçirilmiş İdarə Heyətinin (Board of Governors of the American Jewish Committee) ilik konfransının natiqləri arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olmuşdur.

Trend-ə verilən məlumata görə, bu əlamətdar tədbirin plenar toplantılarından birinin qonağı olmuş Azərbaycan nümayəndəsi təşkilatın icraçı direktoru Devid Harrisin moderatorluq etdiyi və o cümlədən Bolqarıstan və Uruqvayın ABŞ-dakı səfirlərinin qatıldığı paneldə məruzə ilə çıxış etmişdir. Bu tədbirin 500 nəfərlik auditoriyasında ABŞ Konqresinin üzvləri, Florida ştatının rəsmiləri, Mayami şəhərinin meri və yerli ictimaiyyətin çoxsaylı nümayəndələri olmuşlar.

Toplantının açılış hissəsində AYK-in icraçı direktoru D.Harris Azərbaycanın regionda oynadığı strateji rol və malik olduğu əhəmiyyətdən söz açmış və Azərbaycan rəhbərliyinin qlobal tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən yana çalışdığını bəyan etmişdir.

Azərbaycan diplomatı öz növbəsində regionumuzdakı son vəziyyət barədə fikirlərini bölüşmüş, cəmiyyətimizdə dərin kök salmış dini tolerantlıq mühiti haqqında məlumat vermiş və ölkəmizin qətiyyətlə ekstremizm, separatizm və radikalizmə qarşı çıxdığını göstərmişdir.

O, Azərbaycanın bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verdiyini vurğulamış və xüsusilə yəhudi icmasının cəmiyyətimizdə digər icmalarla birlikdə əsrlər boyu qarşılıqlı anlaşma şəraitində həyat sürdüyünü bildirmişdir.

Qeyd olunmalıdır ki, ABŞ-ın ən aparıcı yəhudi təşkilatları tərəfindən Azərbaycana göstərilən diqqət şübhəsiz ölkəmizə yetirilən əhəmiyyətin göstərici kimi qəbul edilə bilər. Xatırlatmaq lazımdır ki, AYK-in icraçı direktoru D.Harris 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında "Dostluq Ordeni" ilə təltif olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti