...

Prezidentə məktublar: Bütün Azərbaycan xalqı Ali Baş Komandan kimi Sizinlə qürur duyur

Siyasət Materials 9 Aprel 2016 14:36 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: Bütün Azərbaycan xalqı Ali Baş Komandan kimi Sizinlə qürur duyur

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli cənab Prezident İlham Əliyev

İcazə verin, bu yaxınlarda qoşunların təmas xəttində işğalçılarla döyüşdə qazanılan qələbə münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edim. Hətta ən kiçik qələbəni də həmişə böyük addımlar şərtləndirir. Cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm. Sizin əzmkarlığınız, uzaqgörənliyiniz sayəsində hazırda Ordumuz regionun ən güclüsüdür. Azərbaycan xalqı Sizə minnətdardır. Çox təəssüf ki, bu yaxınlarda münaqişənin eskalasiyasından erməni işğalçılarının necə qorxduğunu və bəlkə də ilk dəfə məğlubiyyətin yaxın olmasının acısını hiss etdiyini ümummilli liderimiz Heydər Əliyev görmədi. Ermənistanın rəsmi şəxsləri öz xalqını aldadır, bu döyüşlər haqqında qeyri-dəqiq məlumatlar verirlər. Əminəm ki, əməliyyatlar davam etdirilsəydi, Ordumuz Xankəndinin yaxınlığında olardı. Biz qalib gəlmək iqtidarındayıq və bunu edəcəyik. Hansı yolla edəcəyimizin əhəmiyyəti yoxdur. Amma məsələni hərbi yolla da həll etmək haqqımız var və həmişə də olub.

Cənab Prezident, biz Sizin əmrinizi gözləyirik. Birbaşa qoşunların təmas xəttinə yollanmağa hazırıq. Mən əminəm ki, xarici ölkələrdəki azərbaycanlıların çoxu müqəddəs Vətənimizi müdafiə etmək üçün bütün işlərini atıb gəlməyə hazırdırlar. Ədalət zəfər çalmalıdır. Mən bu hadisənin iştirakçısı olmaq, şanlı və cəsur əsgərlərlə çiyin-çiyinə döyüşmək istəyirəm. Ordumuza eşq olsun! Xalqımıza eşq olsun! Cənab Prezident, Sizə eşq olsun!

Hörmətlə,

Qurbanov İlqar Mais oğlu

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Hörmətli cənab Prezident

Düzünü desəm, 2016-cı il aprelin 2-dək Sizi lazımınca qiymətləndirməmişdim. Amma Sizin cəsarətiniz və düşmənə layiqli cavabınız bir azərbaycanlı kimi məndə yeni emosiyalar yaratdı. İndi Sizinlə fəxr edirəm. Allahdan Sizə, bütün generallarımıza və ölkəmiz uğrunda savaşan əsgərlərimizə cansağlığı arzu edirəm. Mən həmişə inanırdım ki, biz güclüyük. Siz də bunu təkcə mənə deyil, bizi düşmən hesab edən hər kəsə sübut etdiniz. And içirəm ki, bu məktubu Sizə yazırkən damarlarımda qanım qaynayır. Mən Rusiya Federasiyasının vətəndaşıyam. Bu ölkədə yaşayıram və bu ölkəni sevirəm. Amma mən azərbaycanlıyam və azərbaycanlı olaraq da qalacağam. Harada yaşayıramsa-yaşayım, həmişə milli maraqlarımızı müdafiə edəcəyəm. Sağ olun ki, varsınız.

Hörmətlə,

Eminov Xəyal Əli oğlu

Rusiya Federasiyası, Oryol şəhəri

x x x

Hörmətli Prezident

Moskvada yaşayan azərbaycanlılar ölkəmizin əzəli torpağı olan Qarabağın azad edilməsi istiqamətində atdığınız bütün addımları tam dəstəkləyir və bu nəcib işdə iştirak etməyə həmişə hazırdırlar.

Hörmətlə,

Verdiyev Tarix, keçmiş tankçı

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Möhtərəm Prezident

Mən Belarus Respublikasının vətəndaşıyam, 20 ildən çoxdur ki, burada yaşayıram. Bu ölkə mənim ikinci vətənimdir. Belarus Respublikasının üç dövlət universitetində dosent işləyirəm. Burada 55 yaşına qədər elmi dərəcəsi olanlar arasında yeganə azərbaycanlıyam. Auditoriyalarda həmişə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərdən danışmışam, erməni əhalinin bu yerlərə necə gəlib çıxması və ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalçıları tərəfindən necə işğal olunması barədə tarixi faktlara istinadla məlumat vermişəm. Xocalı soyqırımı erməni cəlladlarının vəhşiliklərini sübut edən danılmaz faktım olub. Mən tarixi Vətənimi sevirəm, ölkələrimiz arasında əməkdaşlığın inkişafına kömək edirəm. Belarusda ictimai fəaliyyətlə də məşğulam. Mən Azərbaycana gəlib qaynar nöqtələrdə əsgərlərimizə mənəvi dəstək göstərmək xahişi ilə Müdafiə Nazirliyinə məktub göndərmişəm. Azərbaycandakı son hadisələr bir vətənpərvər və Azərbaycan xalqının oğlu kimi məni çox narahat edir. Könüllü kimi ön cəbhədə vuruşmaq və torpaqlarımızı işğaldan azad etmək istəyirəm. 38 yaşım var, tamamilə sağlamam və döyüşmək iqtidarındayam. Sizin əmrinizi gözləyirəm. Cənab Prezident, Sizə müvəffəqiyyət arzu edirəm.

Hörmətlə,

Yusubov Fərman İsrayıl oğlu

Belarus Respublikası, Minsk şəhəri

x x x

Möhtərəm cənab Prezident

Biz, - Təfəkkür Universitetinin professor və müəllim heyəti və tələbələri bəyan edirik ki, Sizin müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı, ölkəmizin dünyada tanınması, beynəlxalq nüfuzunun daim artması, xalqımızın həyat səviyyəsinin və rifahının yüksəldilməsi, xüsusilə ordu quruculuğu istiqamətindəki məqsədyönlü fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirik.

Sizin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirakınız və yüksək səviyyədə keçirilən görüşləriniz bizi qürurlandırır. Fəxr etdik ki, haqlı, ədalətli, beynəlxalq prinsiplərə əsaslanan, prinsipial, güzəştsiz siyasətiniz sayəsində Azərbaycan dünyanın aparıcı ölkələri tərəfindən tərəfdaş kimi qəbul olunur. Bunu ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın son dərəcə əhəmiyyətli tərəfdaş olduğunu deməsi bir daha təsdiq etdi. Siz Sammitdəki çıxışınızda Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini iştirakçıların diqqətinə olduğu kimi çatdırdınız.

Cənab Ali Baş Komandan, ölkəmizin qüdrəti, Sizin hörmətiniz artdıqca ermənilərin qısqanclığı, paxıllığı çoxalır, dünya ölkələri arasındakı uğurlarımıza daim təxribatla cavab verməyə çalışırlar. Bu qısqanclığın nəticəsi olaraq aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri işğal olunmuş rayonlarımızda təmas xətti boyunca təxribata əl ataraq mövqelərimizə hücum etmiş, təmas xəttindəki yaşayış məntəqələrini güclü atəşə tutmuş, nəticədə yaxın kəndlərdə yaşayan dinc sakinlərimiz həlak olmuş, mülki obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Törətdikləri təxribatlar göstərir ki, onlar işğal etdikləri torpaqlarımızdan öz xoşları ilə geri çəkilmək istəmirlər.

Siz işğal edilmiş torpaqlarımızın sülh, danışıqlar yolu ilə, qan tökülmədən geri qaytarılmasını dəfələrlə bəyan etmisiniz. Onu da bildirmisiniz ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və gec-tez azərbaycanlılar oraya qayıdacaqlar.

Cənab Prezident, ermənilərin son təxribatına Ordumuz layiqli cavab verdi. Ali Baş Komandan kimi Sizin qətiyyətinizlə işğalçılar xeyli itkilər verərək geri çəkildilər. Bir çox yüksəkliklər, müşahidə məntəqələri geri alındı. Ordumuzun erməni silahlılarından qat-qat üstün olduğu və rəşadəti bütün dünyaya bəlli oldu.

Möhtərəm Prezident, bütün xalqımız kimi Təfəkkür Universitetinin professor-müəllim heyəti və tələbələri də milli təhlükəsizliyimizin qarantı kimi Sizinlə, Vətənimizin təhlükəsizliyini qoruyan rəşadətli Ordumuzla fəxr edir. Təhlükəsizlik Şurasının iclasındakı nitqinizdə dediyiniz fikirlər xoşbəxt sabaha inamımızı artırır.

Möhtərəm Prezident, bir daha bəyan edirik ki, Təfəkkür Universitetinin bütün kollektivi, professor-müəllim heyəti, tələbələr Sizin siyasətinizi bəyənir, alqışlayır, daim Sizinlə olduqlarını bildirirlər. Sizin ölkə Prezidenti, Ali Baş Komandan kimi çağırışınızla yaşından asılı olmayaraq hər kəs bütün əmr və sərəncamlarınızı yerinə yetirməyə, doğma torpaqlarımızı azad etməyə hazırdır.

Hörmətlə,

Professor M.Atakişiyev, rektor

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Hörmətli cənab Prezident

Mən Sizin siyasətinizi dəstəkləyirəm. Keçmiş polis işçisi kimi Sizdən xahiş edirəm ki, məni də bir könüllü olaraq döyüş sıralarına qəbul edəsiniz. Onu da qeyd edim ki, 1991-1993-cü illərdə Şuşa, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Artıq dərəcədə xahiş edirəm ki, mənim müraciətimə biganə qalmayasınız. Erməni mənfurlarını hər zaman məhv etməyə və torpağımız uğrunda gedən mübarizəyə qoşulmağa hazıram.

Hörmətlə,

Əhmədov İsmayıl Əmiraslanoğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Cənab Ali Baş Komandan İlham Əliyev

Həkim hematoloq kimi ehtiyatda olan zabitəm. Könüllü olaraq cəbhəyə gedib əsgərlərimizin sağlamlığının keşiyində durmağı özümə borc bilirəm. Üç uşaq anasıyam, iki qızım, bir oğlum var. Hər biri vətənpərvər, torpağını sevən gənclərdir. Mən bir Vətən övladı kimi torpaqlarımız uğrunda canımdan, qanımdan keçməyə hazıram. Hər zaman Sizin yanınızdayam.

Hörmətlə,

Abbasova Könül Şahmalı qızı

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Cənab Ali Baş Komandan

Sizin ədalətli və uzaqgörən siyasətiniz nəticəsində gündən-günə çiçəklənən, zəngin və qədim tarixə malik olan Vətənimizin müdafiəsinə hər an hazıram. Vətənim Azərbaycanın şanlı gələcəyi naminə canımı verməyə, ölkəm üçün əlimdən gələni etməyə borcluyam. Tarix fakültəsinin məzunu kimi Vətənimin bu şanlı günlərində cəbhə bölgəsində olmaq və qələbəyə yolunda atılan addımları gələcək nəslə çatdırmaq mənim üçün şərəf olardı. Hər an Sizinləyik, cənab Prezidentimiz! Sizinlə qürur duyuruq.

Hörmətlə,

Cavadova Nuranə Ağaməmməd qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi

x x x

Cənab Ali Baş Komandan

Biz Qarabağ uğrunda, vətənimiz Azərbaycan naminə döyüçə atılmağa tam hazırıq. Bunun üçün Sizin əmrinizi gözləyirik. Biz Ordumuzla həmişə fəxr etmişik, bundan sonra da edəcəyik. İnşallah, Qarabağda Azərbaycanımızın üçrəngli bayrağı dalğalanacaq.

Hörmətlə,

Mirzəyev Samir Əliağa oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Tatyanoba kəndi

x x x

Hörmətli cənab Prezident

Aprelin 2-dən 5-dək Azərbaycan Silahlı Qüvvələrinin işğalçı erməni ordusuna qarşı uğurlu əməliyyatlar keçirməsi nəticəsində Azərbaycana məxsus olan kənd və strateji baxımdan əhəmiyyətli bir neçə hərbi post, həmçinin böyük bir əraziyə nəzarət etməyə imkan verən Lələtəpə yüksəkliyinin Ordumuzun nəzarətinə keçməsi hər birimizi çox sevindirdi. Bu sevinci Azərbaycan xalqına, o cümlədən biz Füzulililərə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq. İnanırıq ki, Sizin daxili və xarici siyasətiniz nəticəsində güclü və qüdrətli Ordumuz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı tezliklə işğalından azad edəcək.

Hörmətlə,

Ədilzadə Vüsal Bayaz oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu

x x x

Hörmətli cənab Prezident

Torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edirik. Qazandığımız bütün uğurlar kimi hərbiçilərimizin cəbhədəki qələbələri də Füzuli şəhər 3 saylı uşaq musiqi məktəbinin kollektivində böyük qürur hissi yaratdı. Bütün bu qələbələr Sizin qətiyyətli siyasətinizin bariz nümunəsidir. Vətənimizin azadlığı və qorunmasi naminə gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

İsgəndərov Ramiz, Füzuli şəhər 3 saylı uşaq musiqi məktəbinin direktoru

Quliyev Fəyyaz

İsmayilov Yaşar

Quliyev Xəyyam

Səfərəliyeva Şəfəq

Məmmədov Amil

Zeynalova Kəmalə

Cavadova Gültəkin

Məmmədov Elvin

Şirinova Günel, musiqi məktəbinin müəllimləri

Azərbaycan Respublikası, Füzuli rayonu

x x x

Hörmətli Ali Baş Komandan, cənab İlham Əliyev

Dağlıq Qarabağımızda gedən son döyüşlərdə qazandığımız qələbəyə görə Azərbaycan xalqını, Sizi və Sizin simanızda bütün hərbiçilərimizi təbrik edirəm. Həqiqi hərbi xidmətimi 2015-ci ilin iyulunda ön cəbhədə bitirmişəm. Atam və mən səbirsizliklə Sizin əmrinizi gözləyirik. Sizin səfərlik barədə əmriniz mənim kimi yüzlərlə, minlərlə Mingəçevir gəncinin, yaşlısının, hətta məktəblisinin arzusudur. Biz daim Sizinləyik, Ordumuzu dəstəkləyirik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Tanrı Sizə yar olsun.

Hörmətlə,

Tağıyev Aruz Tağı oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri

x x x

Əziz Prezidentimiz

Düşmənlərimizə qarşı müharibədə həlak olmuş qəhrəmanlara görə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Biz Moskva şəhərində doğulmuşuq, Rusiya Federasiyasının vətəndaşlarıyıq, milliyyətcə azərbaycanlıyıq. Aramızda gənc rus dostlarımız da var. Əzəli torpağımız olan Dağlıq Qarabağ uğrunda mübarizədə Sizi və Sizin şəxsinizdə bütün xalqımızı tam dəstəkləyirik. Biz Azərbaycanda baş verən hadisələri həmişə izləmişik, son günlərdə daha yaxından izləyirik. Qardaşlarımızın Vətənin müdafiəsi uğrunda göstərdikləri şücaətlə fəxr edirik. Bizim güclü Prezidentimiz, güclü Ordumuz və cəsur əsgərlərimiz var. Biz düşmənə qalib gələcəyik. Sizin ilk çağırışınızla Vətənə gəlib əzəli torpaqlarımızı müdafiə etməyə hazırıq. Biz Sizi və xalqımızı heç vaxt pis vəziyyətdə qoymarıq. Biz həmişə Sizinlə və xalqımızlayıq.

Hörmətlə,

Əlizadə İqor Mirzəyeviç

Əhmədov Elvin Nazim oğlu

Naydenko Pyotr Alekseyeviç

Abbasov Anar Hümbət oğlu

Hacıyev Ruslan Valaytoviç.

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Cənab Ali Baş Komandan

Biz Sizin siyasətinizi ürəkdən bəyənirik. Xalqımızın təhlükəsizliyinin, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün döyüşməyə hazırıq. Allah köməyiniz olsun.

Hörmətlə,

Əliyev Rüstəm Eldar oğlu

Azərbaycan Respublikası, Ağsu şəhəri

x x x

Əziz və çox hörmətli cənab Prezident

Cəbhədə baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı hər an Sizin ətrafınızda birləşməyə hazırdır. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının Ali Baş Komandanının ətrafında birləşib əsgər kimi hər an döyüşə hazır olduğunun bir daha şahidi oldu. Eyni zamanda, Sizin yürütdüyünüz uğurlu xarici siyasətin nəticəsidir ki, hadisələrin gedişatında beynəlxalq təşkilatlar, həmçinin bir çox dövlətlər Azərbaycanı dəstəklədi və lazım gələrsə, ölkəmizə yardım etməyə hazır olduqlarını nümayiş etdirdilər. Həmçinin Sizin şəxsi təşəbbüsləriniz nəticəsində müasirləşən və beynəlxalq tələblərə cavab verən Silahlı Qüvvələrimiz düşmənin layiqli cavabını verdi, qarşı tərəfi geri oturtmağa nail oldu. Bundan əlavə, cəbhədəki mövqelərimiz möhkəmləndi və mühüm postlar Ordumuz tərəfindən ələ keçirildi. Bütün bunlar xalqımızın milli ruhunun ən yüksək səviyyəyə yüksəlməsinə gətirib çıxardı. Artıq daha əminliklə deyə bilərik ki, Prezidentimizin qətiyyətli siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada siyasi nüfuzu daha da yüksələcək və torpaqlarımız ən qısa zamanda geri qaytarılacaq.

Hörmətlə, Musayev Orxan İmran oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Hörmətli Cənab Prezident

Sizin Azərbaycan əsgərinə, Azərbaycan ordusuna göstərdiyiniz diqqət və qayğı özünü aprelin 1-dən 4-dək Qarabağda Ordumuzun göstərdiyi şücaətlə bütün dünyaya əyani şəkildə bir daha sübut olundu. Biz Sizinlə fəxr edirik. Ehtiyatda olan əsgər kimi Sizin bir əmriniz kifayətdir. Əmr edin, tarixi torpaqlarımız mənfur düşmən tapdağından azad edək. Biz Sizə-Ali Baş Komandanımıza, Ordumuza güvənirik. Qarabağda düşməni məhv etməyə hər an hazırıq. Səbirsizliklə o günü, Sizin əmrinizi gözləyirik. Sizinlə fəxr edirəm, cənab Prezident!

Hörmətlə,

Səlimov Rəfail İsrafil oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Cənab Ali Baş Komandan

Biz idmançılar Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Sizin rəhbərliyiniz altında erməni işğalçılarına layiqli dərs verildi, erməni ordusunun bacarıqsızlığı bütün dünyaya bəyan oldu. Sizinlə fəxr edir, qurur duyuruq. Torpaqlarımızın ermənilərdən təmizlənməsi üçün əmrinizi səbirsizliklə gözləyirik.

Hörmətlə,

Cəfərov Vüsal Mütəllim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu

x x x

Hörmətli cənab İlham Əliyev, ulu öndər Heydərin oğlu

Mən də öz növbəmdə, Sizin bu irəliləməyinizdən çox şadam və bu son günlərdə ailəm ilə birlikdə ən səadətli və xoş dəqiqələrimi keçirirəm. Niyə ki, ürəyimizdə öz tonqalını quran Qarabağın közü artıq ürəkdən çıxıb və silahlarımızla işğalçı erməniləri yandırır. Çox şadam, niyə ki, bu gün Sizin ata və ananız ən yüksək rəhmətləri aparır və nədəni isə Sizin kimi igid və vətənpərvər övladı yetirməkləri üçündür. Bu gün bütün Azərbaycan xalqı Sizə sonsuz sayğılarını bildirir, çünki Siz başda olmaqla Azərbaycan ordusu öz qüdrətini göstərdi. Mən və mənimlə birlikdə ailəmin canı, malı, hər şeyi Vətənin özgürlüyünə qurbandır və umuram ki, Ulu Tanrı bu qurbanı məndən qəbul eləyib Qarabağı, yenə Azərbaycana qovuşduracaqdır. Sonsuz sayğılarla,

Qaffari Molan Əfrasiyab Qənbər oğlu, sahibkar

İran İslam Respublikası, Təbriz şəhəri

x x x

Hörmətli cənab Prezident

Cəbhədə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqı Ordu ilə birlikdədir. Ordumuzun işğalçı erməni ordusuna vurduğu sarsıdıcı zərbələr öz bəhrəsini verdi. Əldə edilən son Qələbə ilə bağlı xalq arasında böyük ruh yüksəkliyi yarandı. Arzu edirik Ali Baş Komandan kimi Sizin iştirakınızla bu Qələbəni işğal olunmuş bütün ərazilərimizdə qeyd edək.

Hörmətlə,

Bağırov Rafiq

Azərbaycan Respublikası, Masallı rayonu

x x x

Hörmətli cənab Prezident

Xahiş edirəm məni döyüşə göndərin. Hər şəhid gətiriləndə və hər dəfə onların dəfnlərində iştirak edəndə ürəyim yanır. Vətən sag olsun! Qarabağ şüarımız, şəhadət iftixarımız. Canım fəda Vətənimə, Torpağıma, Bayrağıma.

Hörmətlə,

Cəfərov Ramin Rasim oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Hörmətli cənab Prezident

Sizə və son döyüşlərdə şəhid olmuş hərbçilərimizin yaxınlarına başsağlığı verirəm. Qarabağ bizimdir, bizim olacaq. Şəhidlərimizin qanı heç bir zaman yerdə qalmayacaq. Vətən uğrunda cəbhəyə getməyə mən də hazıram. Sizin əmrinizi gözləyirəm.

Hörmətlə,

Hüseynova Aişa Mətləb qızı, şagird

Azərbaycan Respublikası, Şəmkir rayonu, Sabirkənd kəndi

x x x

Hörmətli cənab Prezident

Ordumuzun əldə etdiyi qələbələrə çox sevinirik. Bütün Azərbaycan xalqı Ali Baş Komandan kimi Sizinlə qürur duyur. Azərbaycan hərbçilərinin çox şeyə qadir olduğunu gördük. Həm də bir daha şahidi olduq ki, dar gündə bütövləşə, birləşə bilirik. Yetər ki, bu xalqın Sizin kimi müdrik dövlət başçısı olsun!

Hörmətlə,

Kərimov Yafəs

Azərbaycan Respublikası, Masallı rayonu

x x x

Hörmətli cənab Prezident

Sizi Ordumuzun qələbəsi münasibəti ilə təbrik edirəm. Bir gənc kimi çiçəklənən Azərbaycanımızın gələcəyi ilə bağlı fəaliyyətinizi alqışlayıram. Siz uğurlarınızın memarısınız!

Hörmətlə,

Mehrəliyeva Günay

Azərbaycan Respublikası, Masallı rayonu, Türkoba kəndi

x x x

Hörmətli cənab Prezident

Düşmənə vurulan sarsıdıcı zərbələr bir azərbaycanlı kimi məni də ürəkdən sevindirdi. Biz hamımız Sizinlə qürur duyuruq. Qarabağda əldə olunan uğurların davamlı olmasını və Sizinlə qələbələrə addımlamağı Allahdan arzu edirik.

Hörmətlə,

Məmiyev Səməd

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi

x x x

Hörmətli cənab Prezident

Dörd günlük hərbi əməliyyatlarda qələbə çaldığınıza görə Sizi təbrik edirəm. Müharibə olsa da, olmasa da arxanızdayıq və cani-könüldən döyüşməyə hazırıq.

Hörmətlə,

Məmmədov Nəsib Natiq oğlu, tələbə

Azərbaycan Respublikası, Gəncə şəhəri

x x x

Hörmətli Ali Baş Komandan

Mən Almatı şəhərində yaşayıram, 47 yaşım var və 5 uşaq atasıyam, birinci Qarabağ müharibəsində iştirak etmişəm. Üç dəfə könüllü hərbi xidmətə getmişəm. Əfsuslar olsun ki, o vaxtlar qələbə sevinci yaşamaq qismətim olmadı. 20 ildir Azərbaycanda gedən prosesləri yaxından izləyirəm.

Möhtərəm Ali Baş Komandanımız! Birinci olaraq Sizə və Azərbaycan xalqına can sağlığı və uğurlar arzu edirəm. Allahdan şəhidlərimizə rəhmət və millətimizə səbr diləyirəm. Cənab Prezident, hal-hazırda Qarabağda əldə etdiyiniz qələbə münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Milli Ordumuzun əsgər və zabitlərinə can sağlığı arzulayıram. Burada yaşayan Azərbaycanlılar adından Sizə minnətdarlığımızı bildiririk. Cənab Ali Baş Komandan, mən və mənim Milli Ordu sıralarında qulluq etmiş ikinci oğlum Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən ölüm-dirim savaşında ləyaqətlə vuruşmağa hazırıq. Allahdan arzu edirəm ki, çox tezliklə bizim üçrəngli bayrağımız Qarabağda Xankəndində dalğalansın. Var olsun Vətən! Var olsun Azərbaycan! Var olsun Milli Ordumuz! Var olsun Ali Baş Komandanımız!

Hörmətlə,

Qasımov Mahmud Mikayıl oğlu

Azərbaycan Respublikası, Tovuz rayonu, Çatax kəndi

x x x

Hörmətli cənab Prezident İlham Əliyev

Allahdan şəhid ailələrinə ailəm adından başsağlığı diləyirəm. Sizə Allahdan uzun ömür, can sağlığı arzu edirəm. Sizin rəhbərliyinizlə qüdrətli Ordumuzun Qarabağı azad edəcəyinə və şəhidlərimizin ruhunun şad olacağına inanırıq. Allah Sizi Azərbaycanın başından əskik etməsin.

Hörmətlə,

Məmmədov Murad Rəcəb oğlu

Azərbaycan Respublikası, Zaqatala rayonu

x x x

Hörmətli cənab Prezident

Niyə axı, niyə atəşkəs, cənab Prezident? Biz Sizə güvənirik. İki-üç təpə almışdıq deyə küçələrə çıxmışdıq. Maşınlarımıza bayraqlar asmışdıq. Allaha min şükür əsgərlərimizin hər şeyi var. Hərbi hospitalın içi könüllü qan verməyə gələn insanlarımızla dolu idi. Biz bilirik müharibə təkcə cəbhədə aparılmır. Biz Qələbəyə susamışdıq. İçimizdə müxalifətçisi var idi, ateisti var idi, humanisti var idi. Amma ən çətin günümüzdə müxalifətçisi - "iqtidar", ateisti - "Allahu Əkbər", humanisti - "qana-qan" demişdi. Bu gün xalq olaraq yenə biz bütün varlığımızla Sizin yanınızdayıq.

Cənab Prezident, hamımız Sizdən səfərbərlik əmri gözləyirdik.

Hörmətlə,

Mustafayev Bəxtiyar Rafail oğlu

Bakı şəhərində məskunlaşmış Xocavənd rayon sakini

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Cənab Ali Baş Komandan, hörmətli İlham Əliyev

Mən Türkiyədə təhsil alıram. İki qardaşımdan biri əsgər, digəri zabitdir. Əgər səfərbərlik elan edilərsə, tələbə olmağıma baxmayaraq, digər azərbaycanlı gənclər kimi, mən də Vətənimizin müdafiəsi üçün son nəfəsimədək döyüşməyə hazıram. Mən Sizin və Azərbaycan Ordusunun qarşısında baş əyirəm. Çox şadam ki, dövlətimizin Sizin kimi lideri var.

Hörmətlə,

Yunisov Mirasim Mirseyid oğlu

Türkiyə Respublikası, Giresun şəhəri

x x x

Hörmətli Prezidentimiz

Təmas xəttində Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbələr vurması ilə əlaqədar Sizinlə və Ordumuzla qürur duydum. Əlli iki illik həyatımda heç vaxt bu qədər sevinməmişdim. Uzun illər ərzində məhz ilk dəfə Sizin rəhbərliyinizlə Ordumuz düşmənə güclü zərbə vurdu, harınlamış erməniləri ağır məğlubiyyətə uğratdı.

Allah Sizi, Ordumuzu, əsgərlərimizi qorusun. Allah Sizə kömək olsun ki, düşməni torpaqlarımızdan tamamilə qovub çıxaraq.

Hörmətlə,

Məmmədov Arzu Abdulla oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu

x x x

Cənab Ali baş Komandan, hörmətli Prezident

Biz Azərbaycan vətəndaşları olaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, başlanmış hücumlarmızı dayandırmayaq. Bu yolda biz Sizin yanınızdayıq. Vətənimiz üçün ölsək də qanımızın son damlası halal olsun. Biz hər an hazırıq, yetər ki, əmr edin. İyirmi ildən artıqdır ki, torpaqlarımız işğal altındadır, bütün dünya isə ancaq qınamaqla məşğuldur. Biz torpaqlarımızı geri alaq, qoy, bizi qınasınlar... İgid şəhidlərimizin qanı yerdə qalmasın.

Cənab Prezident, əmin olun ki, bütün xalqımız Sizinlədir. Müharibə dövründə yaşaya biləcəyimiz çətinlikləri torpaqlarımız azad etdikdən sonra aradan qaldıracağıq.

Hörmətlə,

Əmrinizi gözləyən əsgəriniz Səidov Məmməd Rüstəm oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız

Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət Azərbaycan dövlətinin qüdrətinin artmasına, xalqımızın rifahının yüksəlməsinə, ölkəmizin iqtisadi inkişafına və dünyada nüfuzunun artmasına səbəb olub. Siz Azərbaycan vətəndaşlarının xoşbəxt gələcəyinin təmin olunması naminə çox böyük işlər görürsünüz. Biz Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz siyasəti dəstəkləyirik. Biz ölkəmizin gələcəyini Sizinlə görürük.

Azğınlaşmış erməni işğalçılarının son günlər torpaqlarımızda törətdikləri təxribatlar bir hərbçi kimi məni son dərəcə hiddətləndirdi. Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit kimi Vətənimizin müdafiəsi naminə yenidən cəbhə bölgəsinə getmək üçün əmrinizi gözləyirəm.

Hörmətlə,

İbrahimov Cavanşir Məhəmmədəli oğlu

Azərbaycan Respublikası, Ağstafa şəhəri

x x x

Cənab Prezident, Ali Baş Komandan

Son günlər cəbhədə əldə etdiyimiz uğurlara görə Sizi təbrik edirəm. Biz Sizə çox güvənirik, Siz də bizə tam arxayın ola bilərsiniz. Biz gənclər Sizin əmrinizi gözləyirik. Bir azərbaycanlı olaraq hər birimizin vətəndaşlıq borcudur ki, Vətənin belə günündə həmrəy olub əlimizdən gələni əsirgəməyək. Cənab Prezident, Sizin qətiyyətiniz hərbçilərimizdə böyük ruh yüksəkliyi yaradıb. Allah xalqımızı qorusun!

Hörmətlə,

Mustafayev Taleh Tofik oğlu

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Xudat şəhəri

x x x

Hörmətli cənab Prezident İlham Əliyev

Mən bir Azərbaycan vətəndaşı kimi səfərbərlik elan olunmasını istərdim. Qız olsam da Vətən uğrunda döyüşməyə hazıram. İnanıram ki, tək mən deyil, bütün Azərbaycan xalqı buna hazırdır. İşğal olunan torpaqlarımız hazırda düşmənin tapdağındadır. Mənfur düşməni torpaqlarımızdan qovmaq istəyirik. İnşallah, Sizin rəhbərliyinizlə biz buna nail olacağıq. Biz Sizə inanır və güvənirik.

Hörmətlə,

Əliyeva Aysel Mehdi qızı

Azərbaycan Respublikası, Zaqatala rayonu

x x x

Hörmətli cənab Prezident

23 il düşmən işğalı altında olan bəzi torpaqlarımızın işğaldan azad edilməsi xəbəri məni çox sevindirdi. Ulu öndərimiz Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" ifadəsi hər bir kəsin dilində qürurla səslənir. Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq. İşğal altında olan digər torpaqlarımızın da Sizin rəhbərliyinizlə qısa müddətdə azad olunacağına əminik.

Yaşasın cənab Prezident İlham Əliyev!

Behbudov Veysəl Ramiz oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri

x x x

Hörmətli cənab Prezident.

Qarabağ uğrunda müvəffəqiyyətli döyüşlər nəticəsində əldə edilmiş bu böyük uğura görə Qarabağ camaatı, xüsusi ilə Laçın rayonunun sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Mən, Rüstəmli Şahmar 1998-ci ildə Ceyranbatan qəsəbəsində anadan olmuşam və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı fakültəsində təhsil alıram. Sizin əmrinizlə Azərbaycan Bayrağını Qarabağ ərazisində torpağa sancmağımızı arzulayıram.

Hörmətlə,

Rüstəmli Şahmar Hafiz oğlu, tələbə

Azərbaycan Respublikası, Laçın rayonu, Minkənd kəndi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti