...

Elmar Məmmədyarov: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir

Siyasət Materials 12 Aprel 2016 14:28 (UTC +04:00)
Azərbaycan beynəlxalq sülhə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və təzahürlərini pisləyir.
Elmar Məmmədyarov: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir

Bakı. Trend:

Azərbaycan beynəlxalq sülhə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib: "Təəssüf ki, keçən görüşümüzdən bəri İslam dünyasında ümumi vəziyyətin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bəyan edə bilmərik. Əksinə, İslam dünyasının qarşılaşdığı təhdidlərin əhatə dairəsi artıb. Azərbaycan təkcə viran olmuş şəhərlərə və mülki şəxslərin qətlə yetirilməsinə görə deyil, eyni zamanda uzunmüddətli humanitar və qaçqın böhranlarının da daxil olduğu müharibələrin nəticələrinə və bir sıra ölkələrdə baş verən hərbi münaqişələrə görə dərin narahatlığını ifadə edir".

Nazir bildirib ki, Azərbaycan Fələstin məsələsinə dair İƏT-in baş katibi tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirir və qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması mübarizəsində özünün hərtərəfli dəstəyini bir daha vurğulayır: "Biz İƏT-in islamofobiyaya qarşı apardığı mübarizəsini təqdir edirik. Zorakı ekstremizm və terrorizmin vurduğu zərbələr bu cür neqativ tendensiyaların mövcudluğunun əsas səbəblərindən biridir. Bu qeyri-insani və pis niyyətli hərəkətlər sülhün və ədalətin düşmənləri tərəfindən həyata keçirilir. Yalnız birgə səylər və həmrəylik nəticəsində belə hallara qarşı səmərəli mübarizə aparıla bilər".

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və təzahürlərini pisləyir: "Azərbaycan İslam həmrəyliyini gücləndirən və İslam dəyərlərini təşviq edən ölkə kimi tanınır. Biz gələn il Bakıda İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik və ümid edirik ki, bu, müsəlmanlar arasında birlik halqalərının, dostluğun və qardaşlığın gücləndirilməsinə kömək edəcək".

Nazir əlavə edib ki, Azərbaycan hər zaman İƏT ilə əlaqələrin inkişafına böyük önəm verib: "Son illərdə Bakı İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda 5-ci Nazirlər toplantısı və İƏT Əmək Nazirlərinin ikinci toplantısı kimi bir sıra İƏT tədbirlərinə ev sahibliyi edib. Sonuncu hadisə ilə əlaqədar Azərbaycan Prezidentinin təklifi əsasında Bakıda İƏT Əmək mərkəzinin yaradılması təsdiq edilib. Biz fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz dövründə BMT-nin mənzil qərargahında BMT və İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr edilmiş xüsusi iclas keçirilib. Biz qəti şəkildə inanırıq ki, bu təcrübə davam etdirilməlidir. Bu bizə İslam dünyasının üzləşdiyi hədə və təhdidlərin ifadə edilməsi üçün əlverişli fürsət yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti