...

İlham Əliyev: Ukrayna-Azərbaycan əlaqələri Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək

Siyasət Materials 14 İyul 2016 17:51 (UTC +04:00)
Ukrayna-Azərbaycan-Orta Asiya dəhlizi üzrə tariflər yükgöndərənlər üçün məqbul olmalıdır.
İlham Əliyev: Ukrayna-Azərbaycan əlaqələri Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək

Bakı. Trend:

Ukrayna-Azərbaycan əlaqələri Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 14-də Bakıda Ukrayna Prezidenti Petro Poroşenko ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı qeyd edib: “Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var. Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə - 200 milyon dollardan çox sərmayə qoyubdur, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir”.

Prezidentin sözlərinə görə, eyni zamanda, vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verildi: “Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var. Bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir”.

İlham Əliyev vurğulayıb ki, artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib: “Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin. Mən Prezidenti məlumatlandırdım ki, biz yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismarını təmin edəcəyik. Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan da istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq”.

Azərbaycan Prezidenti deyib ki, birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparıldı: “Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda, hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edildi”.

Dövlət başçısı qeyd edib ki, humanitar sahədə əməkdaşlığın çox böyük əhəmiyyəti var: “Azərbaycanda yaşayan ukraynalılar, Ukraynada yaşayan azərbaycanlılar əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Eyni zamanda, mədəniyyətlə, təhsillə, turizm imkanlarının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Mən bu danışıqlardan çox məmnunam, çox razıyam. Onlar çox konkret xarakter daşıyırdı. Nümayəndə heyətlərinin üzvləri hər bir konkret layihə haqqında arayışlar vermişlər, məruzələr söyləmişlər. Əminəm ki, müzakirə edilmiş hər bir məsələ ilə bağlı yaxın gələcəkdə konkret nəticələr olacaq.

Mən Prezidentlər Şurasının iclasını bütövlükdə çox yüksək qiymətləndirirəm və əminəm ki, gələcəkdə Ukrayna-Azərbaycan əlaqələri bu gün Bakıda müəyyən edilmiş istiqamətlər üzrə davam etdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, Prezident Poroşenkonun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrimizin indiki mərhələsində çox önəmli, çox ciddi siyasi addımdır. Əminəm ki, bu səfərin gözəl nəticələri gələcəkdə Ukrayna və Azərbaycan dövlətlərini, xalqlarını bir-birinə daha yaxın edəcəkdir. Cənab Prezident, bir daha xoş gəlmisiniz və Sizə gözəl səfər arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti