...

Prezident İlham Əliyev: Azərbaycanla Almaniya arasında qarşılıqlı inama və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsi önəmlidir (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 15 Avqust 2016 11:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev: Azərbaycanla Almaniya arasında qarşılıqlı inama və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsi önəmlidir (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

Səfir Mixael Kindsqrab fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mixael Kindsqrab etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin çox uğurla inkişaf etdiyini vurğuladı. Bu ilin iyununda Almaniyaya uğurlu səfərini və eləcə də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə Varşavadakı görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu dedi. İqtisadi sahədə böyük qarşılıqlı marağın olduğunu deyən dövlətimizin başçısı bunun Berlində keçirilən biznes forum zamanı şahidi olduğunu qeyd etdi.

Almaniyanın çoxlu şirkətlərinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizin alman şirkətlərinin Azərbaycanda təkcə kontraktor kimi deyil, eləcə də investor kimi çalışmalarında maraqlı olduğunu bildirdi. Azərbaycanla Almaniya arasında qarşılıqlı inama və etimada əsaslanan siyasi dialoqun davam etdirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı enerji, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə minnətdarlığını bildirən Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı Almaniyanın Kansleri Angela Merkeldən və xarici işlər naziri Frank-Valter Ştaynmayerdən aydın göstərişlər aldığını bildirdi. O, Angela Merkelin və Frank-Valter Ştaynmayerin sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd etdi. Səfir son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğuladı. Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında enerji, təhlükəsizlik, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti