...

Surxay Məmmədli: Radikal müxalifətin dindarları siyasi alətə çevirmək cəhdləri qətiyyən yolverilməzdir

Siyasət Materials 21 Sentyabr 2016 15:49 (UTC +04:00)
Radikal müxalifətin dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir.
Surxay Məmmədli: Radikal müxalifətin dindarları siyasi alətə çevirmək cəhdləri qətiyyən yolverilməzdir

Bakı. Trend:

Radikal müxalifətin dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir.

Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli bəyanat yayıb.

S.Məmmədli qeyd edib: "Biz son vaxtlar dünyada cərəyan edən müxtəlif hadisələri, savaşları, eləcə də dini, irqi diskriminasiyaları müşahidə etdikcə bir daha şahidi olmaqdayıq ki, bütün bunlara rəğmən, Azərbaycan bir sabitlik adası kimi digər ölkələrə nümunədir, örnəkdir. Lakin təəssüflər olsun ki, bəzi Azərbaycanı istəməyən daxili və xarici qüvvələr ölkəmizdəki sabitliyi pozmağa cəhdlər edir, bu kimi çirkin niyyətli addımları ilə şəhidlərimizin qanları və canları bahasına əldə etdiyi müstəqilliyinə zərbə vurmağa çalışırlar".

O vurğulayıb ki, əsasən ateistlik üzərində köklənmiş radikal təfəkkürlü müxalifətin indi də dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir:

"Əlləri minlərlə soydaşımızın qanına bulaşmış erməni ekstremistlərinin, işğal olunmuş ərazilərimizdə qondarma separatçı rejimin nümayəndəsi — Bako Saakyanın oğlu ilə birlikdə Vətəninə qarşı qərəzli dinləmələrdə iştirak edənlərdən, düşmənlərlə əlbir olub, onlarla eyni mövqeni bölüşənlərdən Azərbaycan xalqına nə fayda ola bilər? Belələri, şəhid qanlarını batıranlardır. Bu, haqq mücadiləmiz üçün qanlarını axıtmış şəhid soydaşlarımızın ruhlarının təhqiridir. Qəhrəman şəhidlərimizin ailələrinin heysiyyatına toxunmaqdır. Bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi hisslərinə toxunmaqdır. Bu, müstəqilliyimiz uğrunda fəda olmuş, ərazi bütövlüyümüz, Qarabağ uğrunda canlarından keçmiş, Xocalıda vəhşicəsinə qətledilmiş soydaşlarımızın ruhlarını narahat etməkdir. Bu, həm də doğma yurd-yuvasından qovulmuş, məcburən köç etmiş qaçqın, köçkün həmvətənlərimizin təhqir olunması, onların nisgilinə hörmətsizlik deməkdir.

Vətəni sevmək imandandır — buyurub Peygəmbərimiz Məhəmməd Salavatullah. Vətənini sevməyən, onu siyasi ambisiyaları, məkrli iddialarına qurban verən şəxslərə nə ad vermək olar... Vətəninin mənafelərinə xaincəsinə yanaşan, satqın xislətli belələrinin imanlı insanlarla nə işi, nə əlaqəsi ola bilər?"

İcma sədri bildirib ki, imanlı dindarlara müraciət etməyə mənəvi haqqı belə çatmayanların dindarlara təəssübkeşliyi növbəti xain əməldir: "Bu, dindən siyasi alət kimi istifadədən başqa bir şey deyildir. Dini şüarları siyasətlə istifadə edənlərin mənfur niyyətləri puçdur. Dinimiz haqqı nahaqdan, batildən, dogrunu əyridən seçməyi vacib buyurur. Doğru yalanı kəsməlidir mütləq. Təhqir olunmuşlar — milyonlar bu təhqirin ünvanını — bir ovuc çirkin siyasət bazları susdurmalıdırlar. Gah ateist, lazım olanda dindar, din təəssübü çəkən olan, əqidə, məslək məsələlərini belə siyasi oyunbazlıq elementinə çevirməkdən utanmayan münafiq qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti