...

PA-nın şöbə müdiri: Venesiya Komissiyasının rəyində kobud səhvlərə rast gəlinir (YENİLƏNİB)

Siyasət Materials 21 Sentyabr 2016 17:24 (UTC +04:00)
Azərbaycan və Venesiya Komissiyası həmişə bir-birinin rəyinə hörmətlə yanaşıb.
PA-nın şöbə müdiri: Venesiya Komissiyasının rəyində kobud səhvlərə rast gəlinir (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Venesiya Komissiyası həmişə bir-birinin rəyinə hörmətlə yanaşıb. Ancaq indiyə qədər Venesiya Komissiyasının 3 aydan tez hər hansı qanun layihəsinə rəy yazması halına rast gəlinməyib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev mətbuat konfransında deyib.

Ş.Əliyev bildirib ki, hər hansı qanun layihəsinə rəy verməzdən öncə Azərbaycan tərəfinin mövqeyi öyrənilib: “Ancaq referendum layihəsi ilə əlaqədar bu prosedur pozulub. Bu, bir fövqəladəlik hissi yarada bilməz. Bu rəy sentyabrın 6-da AŞ PA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində hazırlanıb. Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”.

Onun sözlərinə görə, Venesiya Komissiyası bildirir ki, 60 gün ərzində Konstitusiyaya 29 dəyişikliyin müzakirəsi mümkün deyil: "Bəs iki həftə ərzində bu dəyişikliyə dair rəy hazırlamaq mümkündür?! Bu rəylərdə kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir. Məsələn, rəyin 25-ci bəndində Konstitusiyanın 159-cu maddəsinə istinad edilir. Ancaq Konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur. Əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət referendum aktı qəbul edilsə, təsis ediləcək vitse-prezidentlər institutundan gedir. Venesiya Komissiyasının rəyində yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident səlahiyyətlərini icra edə bilmədikdə, vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir. Heç kim də bunu qeyri-demokratik adlandırmır".

PA rəsmisi qeyd edib ki, mətbuatda Nazirlər Kabinetinin ölkədə gedən islahatların lokomotivinə çevrilə bilmədiyi yazılıb: “Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Ona görə də çevik qərar qəbul edən institutun olması günün tələbidir”.

Ş.Əliyev vurğulayıb ki, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır: “Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də “pat situasiyası” yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Bəs necə olur ki, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər?!”

O bildirib ki, bu rəy Azərbaycana qarşı bir sifarişdir və bu sifariş AŞ PA-da oturan deputatlardan gəlir: “Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır. Bizimlə heç kim əlaqə saxlamayıb, nə zəng, nə də rəsmi müraciət edilib. Ancaq onlar bizə imkan verməli idi ki, biz o rəylə tanış olaq. Bu dəfə prosedur kobudcasına pozulub, bizimlə ultimatum dili ilə danışırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti