...

İlham Əliyev: Azərbaycan-İsrail münasibətləri çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir

Siyasət Materials 13 Dekabr 2016 21:04 (UTC +04:00)
Azərbaycan-İsrail münasibətləri çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir.
İlham Əliyev: Azərbaycan-İsrail münasibətləri çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir

Bakı. Trend:

Azərbaycan-İsrail münasibətləri çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib: “Biz xalqlarımız arasındakı əlaqələr barədə danışdıq. Bu, bizim ikitərəfli əməkdaşlığımızın mühüm hissəsidir. Çünki Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Mərhum Prezident Şimon Peres bizə videomüraciət ünvanlamışdı. Mən şadam ki, cənab Baş nazir bu Təhsil Mərkəzinə baş çəkmək və yəhudi icmasının nümayəndələri ilə görüşmək üçün sıx qrafikində vaxt tapıb”.

Dövlətimizin başçısı bildirib ki, yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar: “Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə - Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də - 25 illik müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir. Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun dininə və ənənələrinə olan hörmətdən başlayır. Yeri gəlmişkən, demək istərdim ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada multikulturalizmin beynəlxalq mərkəzlərindən biri kimi tanınır. Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi təbliğ edir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Lakin yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan-İsrail münasibətləri çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir: “Mən onlardan bəzilərini qeyd etdim. Əminəm ki, cənab Baş nazirin səfəri bizə yeni əməkdaşlıq sahələrini müəyyən etməyə imkan verəcək. Biz çox yaxın dostluq münasibətləri qurmuşuq və Baş nazirin səfəri bunun yaxşı göstəricisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti