...

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının yaranmasından 55 il ötür

Siyasət Materials 22 Dekabr 2016 16:38 (UTC +04:00)
Hazırda AZƏRTAC-ın sədri olduğu OANA-nın üzv agentlikləri dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının yaranmasından 55 il ötür

Bakı. Trend:

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) 1961-ci il dekabrın 22-də UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsini inkişaf etdirmək məqsədilə yaradılıb.

OANA coğrafiyasına və üzv agentliklərin yaydığı informasiyanın miqdarına görə ən böyük regional media qurumudur. Hazırda təşkilatın sıralarında birləşən 35 ölkənin 44 xəbər agentliyi dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. Təşkilatın unikal platforma olan veb-saytında üzv agentliklərin gün ərzində 200-ə yaxın xəbəri, həmçinin foto və videoları yerləşdirilir.

Azərbaycanın OANA-da təmsilçiliyi AZƏRTAC-ın bu quruma üzvlüyü ilə başlayıb. 2004-cü ildə OANA-ya daxil olan agentlik cəmi üç ildən sonra qurumun rəhbər orqanına - İcraiyyə Komitəsinə üzv seçilib və bir-birinin ardınca üç dəfə Komitə üzvü olub. İcraiyyə Komitəsinin iclaslarından biri 2008-ci ilin sentyabrında Bakıda keçirilib.

OANA-nın 2013-cü ilin sentyabrında keçirilən XV Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təşkilatın vitse-prezidentlərindən biri seçilib, növbəti Baş Assambleyanın Azərbaycanda keçirilməsi və 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrlik etməsi barədə gizli səsvermə yolu ilə qərar qəbul olunub.

2016-cı il noyabrın 16-da Heydər Əliyev Fondu və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib. Noyabrın 18-də keçirilən XVI Baş Assambleyada 40 agentlikdən 80-dən çox nümayəndə təmsil olunub. Üzv agentliklərin iştirakı ilə qurumun İcraiyyə Komitəsinin yeni tərkibi seçilib, növbəti Baş Assambleyanın vaxtı və yeri müəyyənləşdirilib. Təşkilatın prezidenti seçilən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov səlahiyyətlərinin icrasına başlayıb. Eyni zamanda OANA-nın veb-saytının idarə olunması AZƏRTAC-a həvalə edilib.

Təşkilatın saytında AZƏRTAC-ın hər il 4 minə yaxın xəbəri, 700-ə yaxın videosu və 1600-dən çox fotosu yerləşdirilir. Bu informasiyalar Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrini – rəsmi dövlət tədbirlərindən tutmuş iqtisadiyyat, mədəniyyət, elm və təhsil, idman, turizm, ekologiya və digər sahələri əhatə edir. Saytda yerləşdirilmiş informasiyaların sayına görə AZƏRTAC bu qurumda təmsil olunan 44 agentlik arasında ilk üçlüyə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti