...

Deputat: Birinci vitse-prezident Mehriban Əliyeva bu yüksək vəzifəyə layiq olduğunu uğurlu fəaliyyəti ilə sübuta yetirib

Siyasət Materials 7 Mart 2017 16:13 (UTC +04:00)
Mehriban xanım Əliyevanın ölkəmizi və Azərbaycan qadınını bütün dünyada yüksək səviyyədə təmsil etməsindən və bu yolda əldə etdiyi uğurlardan qürur hissi keçirirəm
Deputat: Birinci vitse-prezident Mehriban Əliyeva bu yüksək vəzifəyə layiq olduğunu uğurlu fəaliyyəti ilə sübuta yetirib

Bakı. Trend:

"Çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə ürəkdən təbrik edirəm. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Əlbəttə, mən bir millət vəkili olaraq, Mehriban xanım Əliyevanın ölkəmizi və Azərbaycan qadınını bütün dünyada yüksək səviyyədə təmsil etməsindən və bu yolda əldə etdiyi uğurlardan qürur hissi keçirirəm".

Trend-in məlumatına görə, bunu deputat Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib: "Mehriban xanım bu yüksək vəzifəyə layiq olduğunu öz uğurlu fəaliyyəti ilə sübuta yetirib. Bu fəaliyyət bir çox sahələri əhatə edir. Bunun nəticəsidir ki, Mehriban xanımın adı Azərbaycan cəmiyyətində xeyirxahlıq və mərhəmətlə assosiasiya olunur. Mehriban xanımın Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli beynəlxalq fəaliyyəti bizlərə yaxşı məlumdur. Bu illər ərzində görülən işlərin əsas məqsədi dövlətimizin, xalqımızın maraqlarını qorumaq və Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim etmək olub. Məhz bu uğurlu fəaliyyətin nəticəsində düşünürəm ki, Azərbaycanın dünyadakı dostlarının sayı artıb. Bu, hazırki beynəlxalq aləmdə heç də asan iş deyil".

S.Qafarova daha sonra bildirib: "Mən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fransa-Azərbaycan Dostluq Qrupunun və Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi tam əminliklə deyə bilərəm ki, hər zaman Mehriban Əliyevanın keçirdiyi tədbirlərdən sonra Fransada, ümumiyyətlə Avropada bizə münasibətin daha müsbətə doğru dəyişməsini hiss etmişik. Mehriban xanım Əliyevanın fəaliyyəti biz deputatlara həmişə örnək olub və beynəlxalq təşkilatlarda fəaliyyətimiz üçün çox böyük stimul olub. Onun işinin uğurlu nəticələri çox zaman bizim çıxışlarımızın məzmununa çevrilib. Bu gün bütün dünyada Azərbaycan tolerant və multikultural ölkə kimi tanınır və şübhəsiz bunun bir səbəbi də Mehriban xanımın Şərqdə və Qərbdə müsəlman və xristian dünyasında həyata keçirdiyi layihələr olub. Bir çox ölkələrdə bərpa olunan və yenidən tikilən məscidlər, kilsələr, sinaqoqlar, məktəblər, xəstəxanalar, mədəni-tarixi abidələr məhz Mehriban xanımın təşəbbüsü nəticəsində ərsəyə gəlib".

Deputat deyib: "Çox hörmətli Mehriban xanım, sizin hərtərəfli fəaliyyətiniz haqqında fəxrlə deyiləsi söz çoxdur. Ancaq təəssüf ki, zaman azdır. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Əminliklə bildirirəm ki, bu məsuliyyətli vəzifəni - bu, mənim yox, hamımızın fikridir- siz yüksək bacarıqla və şərəflə icra edəcəksiniz. İcazəsinizlə demək istəyirəm ki, siz bu gün MM-dən ayrılırsınız və çox hörmətli Oqtay müəllimin sözlərini təkrar etmək istəyirəm. Əmin olun ki, biz millət vəkilləri həmişə sizin yanınızdayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti