...

Səfir: Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edib

Siyasət Materials 27 Aprel 2017 17:26 (UTC +04:00)
Bu il iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 25-ci ildönümü qeyd edilir.
Səfir: Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edib

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova - Trend:

“Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edib. Bu il biz ölkələr arasında diplomatik münasibətlərin yaranmasının 25-ci ildönümünü qeyd edirik”.

Trend-in məlumatına görə, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers bildirib.
Səfirin sözlərinə görə, ötən illər ərzində əlaqələr iqtisadiyyat sahəsində xüsusilə inkişaf edib: “2016-cı ildə iqtisadi əlaqələrimizin əsasını kənd təsərrüfatı təşkil edib. Məhz həmin il Hollandiyanın iqtisadiyyat naziri Henk Kamp Azərbaycana gəlib. Həmçinin, kənd təsərrüfatı sahəsi üzrə bir çox şirkətlərin də daxil olduğu geniş ticari nümayəndə heyəti də Bakıda səfərdə olub. 2016-cı ilin oktyabr ayında isə Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlanda səfər edib.
2017-ci ilin əvvəllərində Haaqada Azərbaycan şirkətləri üçün kənd təsərrüfatı biznesi üzrə seminar təşkil edilib"

Onun sözlərinə görə, əsası ötən il qoyulmuş Azərbaycan-Niderland biznes şəbəkəsi iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək baxımından çox aktiv və faydalı olub: "Niderland dünyanın ikinci ən böyük qida ixrac edən ölkəsidir və bu ölkə dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı sektoruna malikdir. Bu fakt da Azərbaycanın kənd təsərrüfatı üçün prioritet məsələnin - öz iqtisadiyyatının şaxələndirilməsi niyyəti ilə tam uyğundur"

Diplomat həmçinin qeyd edib ki, 17-19 may tarixlərində keçiriləcək Xəzər Kənd Təsərrüfatı sərgisində Niderland Azərbaycanın tərəfdaş ölkəsidir: "Eyni zamanda holland şirkətləri digər sahələrdə də Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar. Niderland şirkətləri enerji, su resurslarının idarə olunması, ekologiya, limanların inşası, neft-kimya, gəmiqayırma, logistika və təhsil kimi sahələrdə aktiv şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda bu il Milli Günümüzü aprelin 27-də - Kralın anadan olduğu tarixdə qeyd edirik. Niderlandda həmin gün bütün hollandlar üçün əsl bayramdır və bütün ölkə narıncı rəngə boyanır. Lakin biz bu atmosferin bir qismini Bakıya da gətiririk. 27 apreldə təşkil edəcəyimiz tədbir ölkələrimiz arasında sıx əlaqələri qeyd etmək və bu əlaqələri gələcəkdə daha da möhkəmləndirmək üçün niyyətimizi nümayiş edirmək baxımından gözəl şansdır. Bu inkişaf təkcə iqtisadi deyil, həmçinin mədəniyyət, təhsil, idman və elm sahələrinə də şamil olunur.
Niderland həmçinin Azərbaycanda qeyri-hökumət təşkilatları, şirkətlər və eləcə də, Azərbaycan vətəndaşları ilə əlaqələrin yaradılmasına xüsusi önəm verir. Artıqbir neçə ildir ki, Niderland məşhur Bakı Caz Festivalına dəstək olur. Ötən il Niderlandın “Deborah Carter” kvintetinin müxtəlif məkanlarda möhtəşəm çıxışı oldu. Bu il isə Hollandiyanın ən nüfuzlu caz bəstəkarı və musiqiçilərindən hesab olunan Michael Borstlapın Bakıya gələrək bizi öz çıxışı ilə feyziyab edəcəyi gözlənilir.

Bu il Bakıda holland idmançılarının da çıxış edəcəyi idman yarışları keçiriləcək. İyun ayında hollandiyalı əfsanə Max Verstappen Bakıda keçiriləcək “Formula 1” yarışlarında yenə ən sürətli pilot olmağa çalışacaq. Sentyabr ayında isə Hollandiya milli yığma komandası Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi 2017-ci il Qadınlar arasında Avropa Voleybol Çempionatında yarışacaq və ilkin mərhələ oyunları Gəncə şəhərində keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti