...

Əbu-Dabidə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib (FOTO)

Siyasət Materials 14 İyun 2017 11:35 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə iyunun 13-də səfirliyin inzibati binasında 15 İyun - Azərbaycan xalqının milli qurtuluş gününə həsr edilən tədbir keçirilib.
Əbu-Dabidə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun birgə təşkilatçılığı ilə iyunun 13-də səfirliyin inzibati binasında 15 İyun - Azərbaycan xalqının milli qurtuluş gününə həsr edilən tədbir keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Səfirlik və Baş konsulluğun əməkdaşlarının və onların ailə üzvlərinin, eləcə də Əbu-Dabi və Dubay şəhərlərindəki Azərbaycan icmasının fəal üzvlərinin iştirakı ilə tədbiri açan səfir Daşqın Şikarov 15 iyun 1993-cü il tarixinin müasir tariximizin müstəsnalığından geniş bəhs edib. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyev göstərilən tarixdə həyatına mümkün təhdidlərə rəğmən müdrik Azərbaycan xalqının dönməz çağırışlarına biganə qalmayaraq Naxçıvan Muxtar Respublikasından Bakıya gəldi və paytaxtda öz fiziki mövcudluğu ilə insanlarda sabaha inam yaratdı.

Eyni zamanda, Ulu Öndərin böyük qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qabardan səfir qədirbilən xalqımızın böyük xilaskarının xidmətlərini unutmadığını və hər il Milli Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini xüsusilə qeyd edib.

Sonra səfir ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən əvvəl və sonrakı mənzərələr arasında paralellər apararaq xatırladıb ki, 1992-ci il 15 mayda çevriliş yolu ilə hakimiyyəti ələ keçirən səriştəsiz insanların ucbatından qardaş qırğını astanasında olan ölkəmizdə məhz Ulu Öndərin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi sayəsində tüğyan edən böhrana son qoyuldu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti respublikamız boyu müşahidə edilən xaosu, siyasi çəkişmələri, sosial-iqtisadi böhranı birdəfəlik kökündən kəsdi və Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə şərait yaratdı.

Heydər Əliyevin rəhbərliyi ilə başlayan intibah dövrünə nəzərə salan səfir D.Şikarov ilk növbədə ölkə boyu ictimai-siyasi sabitliyin bərqərar olduğunu önə çəkərək, bu mühüm ünsürün sabiq hakimiyyətdən miras qalan ağır sosial-iqtisadi problemlərin mərhələlərlə həll olunmasını, o cümlədən ölkənin elmi və mədəni həyatında əsaslı dönüşü, xalqımızda milli birlik hissinin möhkəmlənməsini təmin etdiyini yada salıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasına və respublikamızın ərazisində transmilli layihələrə start verildiyini, bununla da xalqımızın güzəranının yüksələn xətlə artmağa başladığını söyləyib.

Ardınca səfir ulu öndər Heydər Əliyevin cızdığı kursun mahiyyəti haqqında danışarkən məhz bu kurs və onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hazırkı qlobal tələblərə uyğun müvəffəqiyyətlə inkişaf etdirməsi sayəsində ölkəmizin hərtərəfli cəhətdən qüdrətləndiyini vurğulayıb. Həmçinin, dahi liderin bütün tarixi dövrlərə uyğun ideyaların Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yaşadıldığı qeyd edilib, Fondun mühüm yerli və qlobal fəaliyyətinə ətraflı nəzər salınıb.

Sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti haqqında dolğun şəkildə danışdığı zaman məhz Ulu Öndər kimi tarixin məcrasını dəyişməyə qadir olan dahilərin 100 ildən bir hər bir xalqın içindən çıxdığını özəlliklə qeyd edib və Milli Qurtuluş Günü üzərində təfsilatlı dayanıb.

Bu xüsusda, baş konsul xatırladıb ki, 15 iyun 1993-cü ilədək Azərbaycan xalqı hədsiz dərəcədə mənəvi və psixoloji sarsıntılar içində idi. Bir tərəfdən, hakimiyyət uğrunda daxili didişmə nəticəsində torpağlarımızın 20%-nin işğalı, digər tərəfdən isə SSRİ-nin çöküşü səbəbindən yaranmış sosial-iqtisadi böhran. Uzun illərdir ki, azadlıq və istiqlaliyyət həsrəti ilə yaşayan vətəndaşlar bu iki tarixi neməti itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin hikmət sahibi olan xalqımız yaşanan xaos və hərc-mərclikdən qurtuluşunu yalnız və yalnız SSRİ dönəmində ölkəsinin inkişafını təmin edən və xalqına sədaqətini nümayiş etdirən Heydər Əliyevdə görərək, Ümummilli Liderin hakimiyyətə qayıdışını israrla tələb etməyi başladı.

Nəticə etibarı ilə ulu öndər Heydər Əliyevin xalqına sədaqətini bir daha nümayiş etdirdiyini xatırladan baş konsul P.İsmayılzadə dahi liderin zəkası və illərin təcrübəsi sayəsində ölkəmizdə misli görünməyən hərtərəfli tərəqqinin bünövrəsinin qoyulduğunu qabardaraq, bu bünövrənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zamana uyğun addımları nəticəsində daha da genişləndiyinə diqqət çəkib.

Çıxışı əsnasında, həmçinin baş konsul Heydər Əliyevin zəngin mirasının gənc nəsillərə ötürülməsi və dünyada yayılması işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti haqqında müfəssəl məlumatları icma üzvlərinin diqqətinə çatdırıb.

Çıxışlardan sonra səfir və baş konsul Səfirliyin nəzdində, həmçinin fəaliyyət göstərən “Qarabağ inciləri” adlı rəqs ansamblının üzvlərinə və bədii rəhbərinə xüsusi təşəkkürnamələr təqdim ediblər. Tədbir iftar süfrəsinin arxasında davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti