...

Azərbaycan Prezidenti: Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır

Siyasət Materials 21 İyun 2017 00:12 (UTC +04:00)
Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır
Azərbaycan Prezidenti: Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır

Bakı. Trend:

Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulubdur: "İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır. Bununla bərabər, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur: "Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir.

Bax, budur, bugünkü Azərbaycan. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır. Biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atmışıq. Bu gün də qeyd olundu ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında böyük uğurlar qazanıb, komanda hesabında birinci yerə layiq görülüb. Bu, böyük qələbədir. Ondan iki il əvvəl keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında bütün Avropa ölkələri arasında ikinci yerə layiq görülmüşdür. İqtisadi sahədə bu ilin beş ayının göstəriciləri də çox ümidvericidir və müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2 faizdən çox artıb. Qeyri-neft sənayemiz təxminən 4 faiz artıb. Kənd təsərrüfatı 2 faiz artıb. İxrac 44 faiz artıb, idxal təxminən 17 faiz azalıb. Bütün bunlar iqtisadi islahatlar, düşünülmüş siyasət hesabına mümkün olmuşdur".

Prezidentin sözlərinə görə, xarici siyasət məsələlərinin həllinə gəldikdə, bu gün Azərbaycanın dünya miqyasında o qədər böyük nüfuzu var ki, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır: "Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər ölkələrlə biz çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda, bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur, bizim siyasətimiz və bu siyasət Azərbaycan ictimaiyyəti tərəfindən tam bəyənilir və dəstəklənir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və bunu qeyd edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti