...

Qırğızıstandakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara erməni təxribatı ilə bağlı müraciət ünvanlayıb

Siyasət Materials 7 İyul 2017 16:07 (UTC +04:00)
Qırğızıstandakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara erməni təxribatı ilə bağlı müraciət ünvanlayıb.
Qırğızıstandakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara erməni təxribatı ilə bağlı müraciət ünvanlayıb

Bakı. Trend:

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul Azərbaycanlıları İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat ilə əlaqədar beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət ünvanlayıblar.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu gün də davam etməkdədir: "Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir”.

Müraciət müəllifləri Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatı qətiyyətlə pisləyərək beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.

Müraciətdə həmçinin bildirilir: “Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Biz hər zaman Azərbaycan xalqının yanındayıq".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti