...

Baş konsul: Azərbaycan regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib (FOTO)

Siyasət Materials 29 Noyabr 2017 10:26 (UTC +04:00)
Azərbaycan bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib.
Baş konsul: Azərbaycan regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib (FOTO)

Bakı. Trend:

Azərbaycan bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Sədlbək Kollecinin (Saddleback College) tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxışında deyib.

N.Ağayev Azərbaycanın zəngin tarixi, mədəni irsi və yerləşdiyi coğrafi məkan barədə iştirakçılara məlumat verərək, Sovet İttifaqının süqutundan sonra ölkəmizin keçdiyi inkişaf və çağdaşlaşma yolundan bəhs edib.

Diplomat Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanı təsis edərək, dünya xalqlarının mütərəqqi tarixində öz layiqli yerini tutduğunu qeyd edib. Azərbaycanda qədim dövrlərdən etibarən etnik və dini icmalar arasında, bu səpkidə ölkədəki müsəlmanlar, xristianlar və yəhudilərin qarşılıqlı münasibətlərində güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirən N.Ağayev bu ənənələrin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu vurğulayıb.

Baş konsul həmçinin, çıxışında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Sonra baş konsul N.Ağayev aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. O, Azərbaycanın ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.

Sonda baş konsul tədbir iştirakçılarının suallarını cavablandırıb.

Baş konsul N.Ağayev tədbirdən sonra Sədlbək Kollecinin rektoru Dr. Qreqori Anderson ilə görüşüb.

Qeyd edək ki, Kaliforniyanın Orenc vilayətində yerləşən bu ali təhsil müəssisəsi 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti