...

Azərbaycan dünyada bütün münaqişələrin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır

Siyasət Materials 13 Dekabr 2017 18:00 (UTC +04:00)
İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Qüds məsələsi ilə bağlı bir araya gəldi.
Azərbaycan dünyada bütün münaqişələrin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır

Bəxtiyar Hacıyev – Trend:

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Qüds məsələsi ilə bağlı bir araya gəldi. Zirvə toplantısında ABŞ-ın Qüdsün İsrail paytaxtı kimi tanınması və səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarından narahatlıq ifadə edildi, bu qərarın olduqca təhlükəli olduğu, bölgədə sülhü və sabitliyi təhdid etdiyi, ABŞ-ın Yaxın Şərqdəki sülh prosesində iştirakını heçə endirdiyi bildirildi, İsrail-Fələstin münaqişəsinin ədalətli şəkildə həllinə çağırış edildi.

Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarının böyük narahatlıq yaratdığını vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər:

“Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”.

Azərbaycan 20 ildən çoxdur Ermənistanın təcavüzünə məruz qalsa da, dünyada bütün qanlı qarşıdurmaların, o cümlədən Fələstin-İsrail münaqişəsinin və əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

Rəsmi Bakının bu aydın mövqeyini Zirvə toplantısında bir daha bəyan edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan Fələstin-İsrail münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləyir.

Ümumiyyətlə, Azərbaycan daim Fələstinin yanında olub, Fələstinə yardım məqsədilə bir sıra tədbirlər, o cümlədən İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransı keçirib. Bundan başqa, 2017-ci ilin iyulunda Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans təşkil edilib. Sonuncu konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat da qəbul edilib.

Bütün bunları xatırladan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındadır.

Bu gün İslam dünyasında İsrail-Fələstin münaqişəsindən başqa, digər böyük problemlər, həmçinin Dağlıq Qarabağ münaqişəsi var. Müsəlman ölkələri bu gün Qüds məsələsində yekdillik nümayiş etdirdikləri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da qətiyyətli mövqe ortaya qoymalıdırlar.

Prezident İlham Əliyev sammit iştirakçılarının diqqətini həm də Azərbaycanın uzun müddətdir əziyyət çəkdiyi münaqişəyə çəkdi:

“İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir”.

Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...

Qalmaqallı Qüds qərarı: odun üstünə benzin tökülür, yoxsa...

Dövlətimizin başçısı Ermənistanın müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyini ən böyük riyakarlıq adlandırdı:

“Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

Beləliklə, sammitin yekunu üzrə bəyannamə qəbul edildi və və bəyannamədə qeyd olundu ki, İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı elan edir, dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.

Bəyannamədə bildirildi ki, ABŞ qanunsuz qərarından geri çəkilməsə, yaşananlara görə məsuliyyət daşıyacaq, bu qərar Fələstin xalqının hüquqlarının tapdalanması deməkdir və Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti