...

San Dieqoda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 19 Yanvar 2018 10:40 (UTC +04:00)
Kaliforniyanın San Dieqo şəhərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbir keçirilib
San Dieqoda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo - Bakı Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, San Dieqo - Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq 20 Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını böyük ədalətsizlik adlandırıb.

Sonra çıxış edən Tomas Cefferson Hüquq Məktəbinin dekanı Coan Bullok faciənin dəhşətlərindən danışaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində önəmli rol oynadığını vurğulayıb.

Baş Konsulluğun əməkdaşı Orxan Rüstəmli çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada qətliamı kəskin şəkildə pislədiyini, törədilən bu dəhşətli cinayəti antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət adlandırdığını qeyd edib. O.Rüstəmli Azərbaycanın üzləşdiyi faciələrin Qara Yanvar ilə bitmədiyini vurğulayaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib.

Sonra San Dieqo şəhərində fəaliyyət göstərən amerikalı jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Kontreras çıxış edərək, 20 Yanvar hadisələrinin həmin dövrdə ölkəmizdə milli-azadlıq hərəkatını boğmaq, Azərbaycan xalqının inam və iradəsini sındlrmaq məqsədilə kommunist rejimi tərəfindən həyata keçirilən hərbi təcavüz və cinayət olduğunu diqqətə çatdırıb və bunu bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş qanlı terror aktı adlandırıb.

Sonra faciə haqda Baş Konsulluğun hazırladığı qısa film nümayiş etdirilib.

Tədbir San Dieqonun tanınmış skripkaçısı Culiya Pautsun ifasında həzin klassik musiqi əsərlərinin ifası ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti