...

Vladimir Putin Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 2 Mart 2018 14:53 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Vladimir Putin Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş yanğının faciəli nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Xahiş edirəm, həlak olanların ailələrinin dərdlərinə şərik olduğumu və onlara səbir dilədiyimi, bütün zərərçəkənlərin isə tezliklə sağalmasını arzuladığımı bildirəsiniz".

Qeyd edək ki, martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti