...

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

Siyasət Materials 19 Mart 2018 16:35 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

Bakı. Elçin Mehdiyev -Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

Trend-in məlumatına görə, iclasda qeyd olunub ki, namizədlər üçün saat 22:00-da İctimai televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.

Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub:

1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc

2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə

3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev

4. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyev

5. Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayev

6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Cəlaloğlu

7. Prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev

8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev

MSK sədri Məzahir Pənahov bildirib ki, hər namizəd 1 saat ərzində 7 dəqiqə 30 saniyə çıxış etməli olacaq: “ Burada əsas məsələ ondan ibarətdir ki, çıxışlar zamanı şərəf və ləyaqətə toxunulmasın. Eyni zamanda təhqirlərə yol verilməsin. Bu il həm də namizədlərin xahişini nəzərə alaraq efirdə təşviqat zamanının vaxtı dəyişdirildi. Əvvəl televiziyada çıxışlar saat 19:00-da başlayırdısa, indi bu vaxt saat 22:00 olacaq. İctimai Televiziya da namizədlərin bu xahişini nəzərə aldı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti