...

Deputat: Ermənistana vicdanını, mənəviyyatını pula satmağa hazır olan Zatulin kimiləri lazımdır

Siyasət Materials 27 Mart 2018 16:50 (UTC +04:00)
Ermənistana vicdanını, mənəviyyatını pula satmağa hazır olan Zatulin kimiləri lazımdır.
Deputat: Ermənistana vicdanını, mənəviyyatını pula satmağa hazır olan Zatulin kimiləri lazımdır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlər Ermənistanda çox ciddi narazılıqla qarşılanıb. Xüsusilə Prezidentin azərbaycanlıların gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında ciddi narahat edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, burada söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddiasından deyil, azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüququndan gedir: "Bununla belə, Ermənistan tərəfi Prezident İlham Əliyevin bu ədalətli çağırışına bir neçə çox zəif cavab verdikdən sonra indi özünün ağlı ilə “ağır artilleriya”nı işə salmağa cəhd edir. Ermənistan üçün bu “ağır artilleriya” Rusiya parlamentinin deputatı, Azərbaycana qarşı böhtan xarakterli və qeyri-obyektiv çıxışları ilə tanınan Konstantin Zatulindir. Əlbəttə, Zatulinin tapşırığı necə yerinə yetirəcəyinə şübhə etdiklərinə görə onu təcili İrəvana dəvət edərək bəyanatını Ermənistan tərəfinin “şparqalka”sı əsasında hazırlamağa kömək ediblər”.

Millət vəkili qeyd edib ki, K.Zatulin əslində həm Azərbaycanda, həm də Rusiyada qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınır: “Zatulin çirkin yollarla Moskva Dövlət Universitetinə qəbul olunub, öz tələbə yoldaşlarının bildirdiyinə görə, sonradan orada bir qayda olaraq bu və ya digər qayda pozuntusu edən tələbələr barədə rəhbərliyə məlumat verməklə məşğul olub. İndiyə qədər də onun elmi biliyi, siyasi savadı həm tələbə yoldaşları, həm də Rusiya elmi ictimaiyyəti arasında böyük suallar doğurur. Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olması ilə tanınıb. O, vaxtilə komsomol xətti ilə kommersiya obyektləri yaratmış, moskvalıları pulsuz mənzil verəcəyi ilə şirnikləndirməklə 2 milyona qədər lotoreya satmış, amma onlara mənzil verməmişdi. O, bu və ya digər siyasi qüvvə tərəfindən maddi baxımdan həvəsləndirilərək sifarişli siyasi fəaliyyəti ilə də tanınır. Ümumiyyətlə, onun adı bir qayda olaraq ya çirkin kommersiyalarda, ya fırıldaqçılıqda, yaxud da sifarişli siyasi fəaliyyətdə hallanır. Buna görə də erməni millətçiləri Zatulindən vaxtaşırı özlərinin Azərbaycana qarşı çirkin ideoloji təbliğatında istifadə etməyə çalışırlar".

Deputat hesab edir ki, K.Zatulin son bəyanatında isə ağalarını və özünü çox çətin vəziyyətə salıb: "O, Azərbaycan və onun rəhbəri haqqında qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatları ilə yanaşı, Prezident İlham Əliyevin bitirdiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu haqqında da çox təhqiredici və çirkin, həmçinin məsuliyyətsiz bəyanatlar verib. Hesab edirəm ki, bu bəyanat MDBMİ-nin özündə də ciddi etiraz doğuracaq”.

A.Mirzəzadə vurğulayıb ki, bu gün Rusiyanın ən nüfuzlu təhsil müəssisəsi haqqında alçaldıcı fikirlər söyləməsi əslində K.Zatulinin və onun erməni sifarişçilərinin siyasi və mənəvi səviyyələrini göstərir: “Bu gün Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistana yalnız Zatulin kimi provokatorlar, ən əsası isə vicdanını, mənəviyyatını pula satmağa hazır olan insanlar lazımdır”.

O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın siyasi rəhbərliyi, şəxsən Prezident Vladimir Putinlə yaxın dostluq əlaqələrinə malikdir: “RF Prezidenti və Rusiya siyasi elitası cənab Prezident İlham Əliyevin fəaliyyətini, Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti