Bakı. Trend:
“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım.
Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.
Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik".
XXX
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:
"Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.
Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır.
TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram".
XXX
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:
"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının nəzərində Zati-alinizin müstəsna nüfuzunu tamamilə təsdiq edir. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə nümayiş etdirdiyi yüksək fəallıq ümumi həmrəyliyin və dövlətin inkişafının demokratik prinsiplərinə sadiqliyin şəksiz sübutudur.
Əminəm ki, Sizin möhtəşəm liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasında siyasi sabitliyi və iqtisadi inkişafı daim təmin edəcək.
Səmimi qəlbdən inanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üzrə konstruktiv dialoq və fəal birgə iş bundan sonra da davam edəcək.
Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan naminə yeni zəfərlər arzu edirəm".
XXX
“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən:
"Əziz İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu il aprelin 11-də Azərbaycan xalqı öz iradəsini ifadə edərək Sizin yürütdüyünüz, ölkənin firavanlaşmasına, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasına və xalqın firavanlığına yönəlmiş quruculuq siyasətinizi hərtərəfli və şəksiz dəstəklədiyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda qazanılmış uğurlar Sizin bilavasitə adınızla bağlıdır.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Əminik ki, ölkənizin dinamik iqtisadi inkişafına və ərazi bütövlüyünün tezliklə bərpa olunmasına yönəlmiş siyasi fəaliyyətiniz Azərbaycan xalqının və həmkarlarınızın hərtərəfli dəstəyi ilə öz bəhrəsini verəcəkdir.
Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, bir daha əmin etmək istərdim ki, biz - Sizin dostlarınız bizə verilən istənilən tapşırığı yerinə yetirməyə həmişə hazırıq.
İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını diləyim".
XXX
Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:
"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ən səmimi təbriklərimi qəbul edin.
Dövlət başçısı kimi ali vəzifəyə yenidən seçilməyiniz ölkənin inkişafı üçün Sizin seçdiyiniz yola Azərbaycan xalqının hədsiz etimadının əlamətidir. Ümidvarıq ki, uşaqların müdafiəsi məsələlərində bizim çoxdankı əlaqələrimiz nəinki davam etdiriləcək, həm də daha sıx və səmərəli olacaq.
Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına, xüsusən onun uşaqlarına sülh və firavanlıq arzu edirik".
XXX
Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri göstərir ki, Azərbaycan xalqı ölkənin inkişafına Sizin çox böyük şəxsi töhfənizi layiqincə qiymətləndirir, təklif etdiyiniz, müstəqil demokratik dövlət quruculuğunda nəzərəçarpacaq nəticələr əldə edilməsinə yönəlmiş gələcək siyasi və sosial-iqtisadi dəyişikliklər proqramını dəstəkləyir. Sizin yürütdüyünüz konstruktiv, sülhsevər xarici siyasət kursu ilə həmrəy olduğumu bildirirəm.
Siz əsası Azərbaycan xalqının ümummilli lideri, Sizin dahi atanız – müasir Azərbaycan dövlətinin əsaslarının formalaşması, Rusiya ilə ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox işlər görmüş Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəçiliyi ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz. Əsla şübhə yoxdur ki, Siz atanızın irəliyə yol açan bayrağını bundan sonra da qürurla və şərəflə daşıyacaq, Vətənin mənafeyi naminə öz borcunuzu yerinə yetirəcək, yeni sanballı nailiyyətlər qazanacaqsınız. Bu gün ölkələrimizin xalqlarının mənafeləri həmişəkindən daha artıq dərəcədə üst-üstə düşür, bizim aramızda dostluğun və ənənəvi tərəfdaşlığın daha da möhkəmlənməsi üçün yeni əlverişli strateji imkanlar yaranır. Bizim aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə, səmimi ailənizə və Zati-alinizin şəxsində bütün əməksevər Azərbaycan xalqına möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi diləyir və ən xoş arzularımı bildirirəm".