...

Arzu Nağıyev: Sarkisyan beynəlxalq tribunal qarşısında cavab verməlidir

Siyasət Materials 23 Aprel 2018 19:02 (UTC +04:00)
Sarkisyan beynəlxalq tribunal qarşısında cavab verməlidir.
Arzu Nağıyev: Sarkisyan beynəlxalq tribunal qarşısında cavab verməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanda əvvəl idarə edilən mitinq sonradan xaotik şəkildə belə bir vəziyyətə gəlib çatdı və Serj Sarkisyan baş nazir postundan istefa verməli oldu.

Bunu Trend-ə siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, S.Sarkisyan Ermənistana rəhbərlik etdiyi vaxtda, yəni 2013 və 2016-cı illərdə də belə mitinqlər olmuşdu:

“Sarkisyanın hakimiyyəti illərində Ermənistanda əhalinin 30 faizi, yəni təxminən 1 milyon insan yoxsulluq dərəcəsində yaşayıb, 550 mindən çox Ermənistan vətəndaşı ölkəni tərk edərək Rusiyaya gedib. 2017-ci ilin statistikasına görə, həmin ermənilər ölkəyə 1.5 milyard dollar vəsait gətiriblər ki, bu da Ermənistan dövlət büdcəsinin təxminən yarısı qədərdir. Yəni bu o deməkdir ki, Ermənistan iqtisadiyyatı iflic bir vəziyyətdədir. Bunun da başında duran "Qarabağ klanı"dır”.

Ekspert qeyd edib ki, S.Sarkisyan hakimiyyəti Ermənistan xalqını 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə girov saxlayaraq, ölkəni bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edib:

“Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanın bir sıra dövlətlərlə diplomatik münasibətləri yoxdur və bundan başqa, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq miqyaslı layihələrdən kənarda qalıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcək”.

A.Nağıyev bildirib ki, S.Sarkisyan hakimiyyətdə olduğu illərdə törətdiyi cinayətlərin cavabını verməlidir: “Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı, həm də öz vətəndaşlarına qarşı böyük cinayətlər törədib və düşünürəm ki, Sarkisyan istər öz ölkəsində, istərsə də beynəlxalq tribunal qarşısında törətdiyi cinayətə görə cavab verməlidir. Yəni bu gündən sonra, ola bilsin, Ermənistanda parlament buraxılsın və artıq legitimlik məsələsi ortaya çıxsın. Düşünürəm ki, Sarkisyanın istefası heç də Ermənistandakı hadisələrin başa çatması demək deyil. Əgər onlar bunu “məxməri inqilab” adlandırırsa, buna qan tökmədən nail olublarsa, bu, heç də o demək deyil ki, Ermənistanda klanlar arasında mübarizə bitdi”.

Politoloq deyib ki, Ermənistanda yeni hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm addımlar atmalıdır: “Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün həm Azərbaycan, həm də Ermənistan üçün prioritet məsələdir. Bu gün heç bir erməni öz övladının Dağlıq Qarabağ ərazisində ölməsini istəmir. Ona görə də yeni hakimiyyət normal, konstruktiv danışıqlara getməlidir”.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sarkisyan istefa verdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti