Bakı. Əli Mustafayev - Trend:
Qlobal Bakı Forumu bir çox ölkələrin nümayəndələri üçün sülh, rifah və bu günün aktual problemləri barədə ünsiyyət qura biləcək bir yerə çevrilib.
Trend-in məlumatına görə, bunu VI Qlobal Bakı Forumunun yekunu ilə bağlı hesabata həsr olunmuş mətbuat konfransında Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
"Mən Azərbaycan hökumətinə, eləcə də Beynəlxalq Nizami Gəncəvi Mərkəzindən olan həmkarlarıma Bakı Forumunda iştirak etdiklərinə görə minnətdaram. Mən ideyaların qlobal məsələlərin həllindəki böyük gücünə inanıram. Bakı Forumu bizə gələcəyə böyük töhfə verəcək ideyaları bölüşmək üçün bütün imkanları verdi".
O, həmçinin Forumda iştirak etdikləri üçün İordaniya, Böyük Britaniya, İtaliya və Türkiyənin Azərbaycandakı səfirlərinə təşəkkür edib.
Qeyd edək ki, bu il 15-17 mart tarixlərində VI Qlobal Bakı Forumu keçirilib. Tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.