...

Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibətilə idman yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Siyasət Materials 7 May 2018 09:10 (UTC +04:00)
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Nizami rayonunda keçirilən silsilə tədbirlərə yekun vurulub.
Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibətilə idman yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Nizami rayonunda keçirilən silsilə tədbirlərə yekun vurulub. Bu baxımdan mayın 5-də ümumrayon tədbiri keçirilib.

Nizami Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıb. Bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, respublikanın parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Həmçinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşdı.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətli inkişaf prosesləri keçib, mühüm nailiyyətlər əldə edib.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibətilə keçirilmiş futbol, voleybol, breyn-rinq, şahmat, stolüstü tennis və güllə atıcılığı yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi olub. Birinci yerin qaliblərinə kuboklar, medallar və diplomlar təqdim edilib. Eyni zamanda, YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup fəal diplom və fəxri fərmanlarla təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti