...

Aleksandr Vuçiç: Azərbaycan-Serbiya münasibətlərinin təkmilləşdirilməsində böyük potensialımız var

Siyasət Materials 21 May 2018 17:16 (UTC +04:00)
Azərbaycan-Serbiya münasibətlərinin təkmilləşdirilməsində böyük potensialımız var
Aleksandr Vuçiç: Azərbaycan-Serbiya münasibətlərinin təkmilləşdirilməsində böyük potensialımız var

Bakı. Trend:

Azərbaycan-Serbiya münasibətlərinin təkmilləşdirilməsində böyük potensialımız var.

Trend-in məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Aleksandr Vuçiç bildirib: "Sizə bu səmimi və xoş sözlərinizə görə təşəkkür etmək istəyirəm. Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü ifadə etmək istərdim.

Düşünürəm ki, mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik".

Serbiya Prezidenti ölkəsinin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə Azərbaycana minnətdarlıq edib:

"Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz".

Aleksandr Vuçiç qeyd edib ki, eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir:

"Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaqdır. Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir".

Serbiya dövlət başçısının sözlərinə görə, çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur:

"Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik.

Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır.

Cənab Prezident, səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm. Sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti