...

Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir

Siyasət Materials 22 İyun 2018 13:08 (UTC +04:00)
Bu gün Azərbaycan Ordusu qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə – torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir.
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan Ordusu qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə – torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

Ə.Mehdiyev bildirib ki, qısa bir dövr ərzində yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bizə böyük miras qoyub: "Bu mirasdan danışarkən qeyd etmək lazımdır ki, əsas məsələlərdən biri də 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılması idi. Bu gün biz ordunun yubileyi ərəfəsindəyik və bir neçə gün sonra 100 illiyi təntənəli şəkildə qeyd edəcəyik".

PA rəsmisi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə Milli Ordu yaratmağa nail oldu:

"Bütün çətinliklərə baxmayaraq, ordu quruculuğu prosesində böyük nailiyyətlər əldə olunmuşdu və o dövrdə qazanılan ənənələr, hərbi təcrübə sonrakı illərdə, o cümlədən müasir tariximizdə öz sözünü dedi və biz həmin dövrün təcrübəsindən bəhrələnərək sonrakı dövrdə də ordu quruculuğu məsələsində böyük vəzifələrin həllinə nail ola bilmişik. Vaxtilə ulu öndər Heydər Əliyevin səyləri ilə yaradılan hərbi məktəblər, o cümlədən Cəmşid Naxçıvanskı adına hərbi məktəb və Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil alması 1991-ci ildə müstəqillik əldə etdiyimizdən sonrakı dövrdə, əlbəttə ki, yeni Milli Ordumuzun formalaşmasına öz böyük töhfəsini verdi".

Ə.Mehdiyev deyib ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət sayəsində ulu öndərin bizə miras qoyduğu orduya böyük diqqət göstərilir: "Ordumuz artıq dünyanın ən güclü, müasir, mənəvi-psixoloji cəhətdən bütün tapşırıqlara hazır, eyni zamanda, hərbi-texniki baxımdan təchiz olunmuş ordularından biridir və qarşımızda duran böyük vəzifənin yerinə yetirilməsinə – torpaqlarımızın düşmən işğalından azad olunmasına tam zəmanət verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti