Bakı. Samir Əli - Trend:
Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri gözlədiyimiz kimi oldu. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, bu seçkilərdə Türkiyə xalqının iradəsini nümayiş etdirəcəyi gözlənilən idi: "Seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyi gözlənilən idi və çox xoş oldu ki, Türkiyə mətbuatı da ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Ərdoğanı təbrik etdiyini qabartdı. Bu, bir daha Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının bariz nümunəsidir. Xüsusilə də Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar Türkiyənin hərbçilərini ölkəmizə göndərməsi bir daha iki dövlət arasında dostluq və qardaşlığın sarsılmazlığından xəbər verir".
T.Kərimli qeyd edib ki, Türkiyədə seçkilər tam demokratik və ədalətli keçirilib: "Türkiyə öz liderini seçdi. Heç bir ciddi qanun pozuntusu da aşkarlanmadı. Bir neçə xırda problemlər oldu ki, bu da dövlətdən asılı olmayan xətalardır. Beynəlxalq müşahidəçilər müəyyən qədər narahatlıq yaratmaq istədilər. Mən deyə bilərəm ki, Türkiyədə seçki tam demokratik keçdi. Bu seçkilər bir daha göstərdi ki, Türkiyə tam demokratik və ədalətli seçkilərin keçirilməsini təmin edə bilir və bu ədalətli seçkidə xalq öz iradəsini ortaya qoya bilir. 50 milyondan artıq seçici səs verdi və bu da seçici fəallığını sübut etdi. Türkiyədə bu seçki prosesi doğrudan qürurverici idi".
Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkilərində R.T.Ərdoğan 52,5 faiz səslə qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyasından olan Məhərrəm İncə isə səslərin 30,7 faizini toplayıb.
Parlament seçkilərində isə “Cümhur İttifaqı” bloku səslərin 53,65%, CHP, Səadət Partiyası və “İyi Parti”nin iştirak etdiyi “Millət İttifaqı” 33,96%, HDP 11,69%, digər partiyalar isə 0,07%-ni toplayıb.
Beləliklə, Ədalət və İnkişaf Partiyası parlamentdə 295, MHP 48, CHP 147, İyi Parti 43, HDP isə 67 deputatla təmsil olunacaq.